Deputatımız QDİƏT PM-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatı Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 51-ci iclasında iştirak etmək üçün oktyabrın 1-dən 4-dək Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olacaq.

XALQ.AZ xəbər verir ki, Milli Məclisdən  verilən xəbərə görə, komitə iclasının açılış mərasimində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, digər rəsmi şəxslər çıxış edəcəklər.

Gündəlik qəbul edildikdən sonra QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin aprelində keçirilmiş 50-ci iclasının protokolu təsdiqlənəcək.

“QDİƏT regionunda turizmin inkişafının cari və gələcək perspektivləri” mövzusuna həsr olunmuş 51-ci iclasda öncə məruzə və tövsiyə dinləniləcək. Hər iki layihə təsdiqlənəcək və bu sənədləri Baş Assambleyada təqdim etmək üçün məruzəçilər təyin olunacaq.

Jalə Əliyeva mövzu ətrafında diskussiyalarda çıxış edəcək, ölkəmizin mövqeyindən məsələyə münasibət bildirəcək.

 

 

Orxan