Deputatın qaldırdığı problem Baş nazirin Qərarı ilə həll olundu

Seçkiqabağı təşviqat zamanı qaldırdığım mövzulardan biri siniflərdə sıxlıqla bağlı idi. Milli Məclisin deputatı Nigar Arpadarai XALQ.AZ– bildirib ki, bu mövzu Bakının mərkəzi və xüsusilə də təmsil etdiyim Səbail rayonu üçün aktualdır. Siniflərdə sıxlığın olması (25-30 şagird əvəzinə 35-40 şagird) həm təhsilin keyfiyyətinə, həm şagirdlərin səhhətinə mənfi təsir göstərir. Eyni zamanda, müəllimin şagirdə individual yanaşmasına mane olur. Əlbəttə, hazırda koronavirusla mübarizə apardığımız bir dövrdə bu mövzu aktuallığını itirmiş kimi görünə bilər, amma bu belə deyil.
Bir neçə gün öncə Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib. Yeni normalarda olan dəyişikliyə görə bir sinifdə 30-dan çox şagird təhsil ala bilməz. Bu standart əvvəllər də var idi, amma reallıqda ona əməl olunmurdu.
Bu məsələnin gündəmə gəlməsini və yenilənmiş standartın təsdiq olunmasını alqışlayıram! Əminəm ki, bu qərar siniflərdə sıxlıq probleminin birdəfəlik həlli istiqamətində önəmli addım olacaq.