Deputatlar “Neft daşları”nda

Pirallahı rayonu Yeni Azərbaycan Partiyası və icra hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatları Rauf Əliyev və İlham Məmmədov “Neft daşları”nda qəhrəman neftçilərlə görüş keçiriblər. Görüş zamanı 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyəti müzakirə olunub.
Neftçilər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək ürək sözlərini dilə gətiriblər.
Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Modern.az-a açıqlamasında Qurtuluş Gününün əhəmiyyətindən danışıb:
“Milli Qurtuluş Günü ölkəmizdə bayram kimi qeyd edilir. Doğrudan da müəyyən vaxt keçəndən sonra 15 iyunun dövlətimiz, millətimiz üçün nə qədər əhəmiyyətli gün olduğu özünü doğruldub. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Bakıya dönüşü Azərbaycan xalqını həmin vaxt yaranmış şəraitə uyğun olaraq dağılma və parçalanma təhlükəsindən xilas etdi”.
Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlişi işıqlı həyatımızın təməlini qoyub:
“Heydər Əliyev Milli Məclisə sədr seçildi və az sonra xarici ölkə diplomatlarının iştirakı ilə böyük mətbuat konfransı keçirildi. Ulu öndərimiz həmin vaxt Azərbaycan həqiqətlərini bütün xırdalıqlarına kimi dünya ictimaiyyətinin diqqətinə çatdıraraq geniş məlumat verdi. İlk dəfə olaraq Azərbaycana qarşı yönəlmiş məlumat qıtlığının aradan qaldırılmasına, informasiya cəbhəsinin yarılmasına nail oldu. Artıq dünya Heydər Əliyev kimi böyük şəxsiyyətin dilindən baş verən situasiyanın nədən ibarət olduğunu gördü.
Həmin vaxt istər cənubda Talış Muğan Respublikasının yaradılması ideyası, istər Gəncədə başlanan Surət Hüseynovun özünüməxsus bandit dəstələri, istərsə də AXC-Müsavat cütlüyünün səriştəsiz, satqın fəaliyyəti nəticəsində Azərbaycan yer üzündən silinmək təhlükəsi qarşısında idi. Ulu öndərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi bugünkü işıqlı həyatımızın təməlini qoydu”.
XALQ.AZ

Yeganə