Deputatlar xeyriyyəçilərin vergidən azad olunmasını təklif etdilər

“Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır”.

XALQ.AZ xəbər verir ki,  bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib.

Deputat bildirib ki, fəaliyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil.

“Bu yaxınlarda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fikiz şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olmalıyıq”.

Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsi təklifini səsləndirib.

“Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.

Deputat Fazil Mustafa, Əli Məsimli, İsa Həbibbəyli də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, həmçinin regionların inkişafında rol oynayan sahibkarlara güzəşt tətbiq olunmasını təklif ediblər.

 

Orxan