DGK sədri: “Azərbaycan tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır”

İyunun 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dən XALQ.AZ-a verilən məlumata görə, S. Mehdiyev Azərbaycanın BƏƏ ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.
Komitə sədri qeyd edib ki, iki ölkə arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan, eyni zamanda, Dubay əmirliyi ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.
DGK sədri ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S. Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.
Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığından da söhbət açan Komitə sədri, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. S. Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərindən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Öz növbəsində Ə. Musabih ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, bu əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını vurğulayıb, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.
Azərbaycan və BƏƏ arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Ə. Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qonaq bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.