«Diaqnoz» Tibb Mərkəzi vegidən yayınır?

23

 

Vətəndaşa vergi qəbzi vermədən tibb müəssisəsi necə fəaliyyət göstərir?

Vergilər Nazirliyinin bu məsələyə diqqət yönəltməsi vacibdir

Dövlət tibb müəssisələrinin bəzisində səhiyyənin keyfiyyəti hər birimizə məlumdur. Nazirin əmri ilə pulsuz səhiyyə sisteminin tədbiqinə dair əmr verilsə də, bu gün demək olar ki, bütün dövlət xəstəxana və poliklinikalarında əli cibində olmayana bir iynə belə vurulmur.

Düzdür, aztəminatlı ailələr sağlamlıqlarının keşiyində durmaq üçün ən çox belə məkanlara üz tuturlar. Lakin bir qədər imkanı olan vətəndaşlar isə ya xaricə, ya da özəl səhiyyə müəssisələrinə gedirlər. Özəl tibbi müəssisələrində səhiyyənin keyfiyyəti isə məlumdur. Düzdür, belə məkanlarda xaricdə təhsil almış, yaxud da təcrübə keçmiş həkimlər fəaliyyət göstərir. Lakin bütün bunlarla yanaşı, nəzərə almalıyıq ki, özəl tibb müəssisələrində qiymətlər çoxlarının ailə büdcəsinə uyğun gəlmir. Elə bu səbəbdən də, bir çox insanlar özəl tibb müəssisələrinə üz tutub xərcə düşməkdənsə, dövlət xəstəxana və poliklinikalarında az xərclə müalicə olunmağa üstünlük verirlər.

Biz bu yazıda özəl tibb müəssisələrinin vergi məsələsinə toxunacağıq. Çünki şəhərimizdə fəaliyyət göstərən özəl səhiyyə təşkilatlarının əksəriyyətini normal vergi ödəyicisi saymaq olmaz. Bu baxımdan Əhmədlidə yerləşən «Diaqnoz» Tibb Mərkəzinin adını çəkə bilərik. Bu tibb müəssisəsinə gün ərzində yüzlərlə vətəndaş müraciət edir. Amma edilən müraciətlər zamanı adi həkim qəbuluna yazılmaq 20 manat təşkil edir. Və bundan sonra hansısa analizlərdən keçmək tələb olunarsa, bu zaman əməlli-başlı xərcə düşmək zorunda qalacaqsan. Adıçəkilən tibb mərkəzi ilə bağlı araşdırma apararkən diqqətimizi cəlb edən məsələlərdən biri həkimlərin aldıqları əməkhaqqından başqa xəstələri analizlərə göndərməklə əlavə faizlər də güdmələridir. Digər tərəfdən də, həkimlər dərman firmaları ilə əlbir işləyirlər. Belə ki, xəstələrə elə dərman preparatları yazılır ki, həmin dərmanların satışından da həkimlərə faiz gəlir.

Nəysə, bu, toxunacağımız məsələnin başqa tərəfidir. Amma cəmiyyəti narahat edən məsələlərdən biri gün ərzində yüzlərlə vətəndaşın üz tutduğu və lazımi qədər pul xərclədiyi «Diaqnoz» Tibb Mərkəzində əldə olunan gəlirin müəyyən hissəsi dövlət büdcəsindən yayındırılır. Bunu dərc etdiyimiz şəkildən də aydın görmək olar. Amma izahat verərək bildirək ki, hansısa vətəndaş bu tibb mərkəzində analiz vermək, yaxud hansısa həkimin qəbuluna düşmək istəyirsə, ilk olaraq «kassa» deyilən yerə yaxınlaşmalı, pulunu ödəməli və növbə gözləməlidir. Maraqlıdır ki, vətəndaş pulunu ödəyən zaman ona xəstə məlumatları deyilən və kompyuterdə hazırlanan möhürsüz-filansın kağız parçası verilir. Düzdür, həmin kağız parçasında ödənişin məbləği və digər məlumatlar dərc olunur. Amma bunu qəbz kimi qəbul etmək olmaz. Çünki vergi ödənişləri xüsusi kassa nəzarət aparatları tərəfindən həyata keçirilir və bu zaman vətəndaşa qəbz təqdim olunmalıdır. Təəssüflər olsun ki, adıçəkilən tibb müəssisəsində nəzarət kassa aparatından çıxmış hansısa qəbz vətəndaşa verilmir. Və ümumiyyətlə, bu aparatlardan istifadə sıfır səviyyəsindədir. Yəqin ki, bu məsələ aidiyyəti qurumların diqqətindən yayınmayacaq. Çünki vergi ödəyicisi olmaq hər bir vergi subyektinin borcudur.

Qeyd edək ki, ötən yazılarımızın birində bu mövzuya toxunmuşduq və həmin vaxt «Diaqnoz» Tibb Mərkəzi ilə əlaqə saxlayaraq səhiyyə müəssisəsində vətəndaşlara niyə qəbz verilmədiyini soruşmuşduq. Amma adını açıqlamayan mərkəzin işçisi bunun yalan olduğunu bildirmişdi. Həmin məqalədən sonra bir daha adıçəkilən məkanda olub vətəndaşlara qəbz verilib-verilmədiyini müşahidə etdik. Məlum oldu ki, yuxarıda qeyd etdiyimiz kimi, kassa nəzarət aparatı bir kənarda qalsa da, vətəndaşlara ancaq xəstə məlumatları deyilən və kompyuterdə yazılan kağız parçası verilir. Bu kağız parçasını isə qəbz kimi təqdim etmək yəqin ki, «Diaqnoz» Tibb Mərkəzinin rəhbərinin tapşırığıdır. Əks halda mətbuatı bu formada aldatmağa çalışmazlar.

Movzunu diqqətdə saxlayacağıq.


Comments are closed.