Dilarə Cəbrayılova “Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır”

“Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu amil ölkəmizdə mötəbər idman tədbirlərin keçirilməsini şərtləndirir”.
Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.
XALQ.AZ-a   Milli Məclisin deputatı  bildirib ki, Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir, eləcə də, ölkəmizdə sabitlik, əminamanlıq hökm sürür: “Bütün bunlar ölkəmizin imicini daha yüksəldir və beynəlxalq tədbirlərin məkanı kimi Azərbaycanın seçilməsində vacib rol oynayır. Azərbaycan müasir ölkədir, bütün şəhər və bölgələrimiz inkişaf edir, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb”.
D. Cəbrayılova xatırladıb ki, 2015-ci ilin yayında Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi edib: “2016-cı ildən başlayaraq respublikamızda hər il “Formula-1” qran-prisi keçirilir. 2017-ci ilin birinci yarısında isə ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirilib. Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi missiyasını uğurla yerinə yetirib. 2019-cu ilin əvvəlindən ölkəmizdə “Formula-1” qran-prisinin növbəti yarışları, həmçinin futbol üzrə Avropa Liqasının final qarşılaşması baş tutub. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir görüşünü Azərbaycan təşkil edəcək”.

Deputat qeyd edib ki, Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunması bir daha göstərdi ki, ölkəmiz istənilən mötəbər yarışları keçirməyə qadirdir: “Bu tipli böyük yarışların təşkilində ölkəmizin kifayət qədər təcrübəsi var. Ona görə də, Azərbaycan hər zaman istənilən mötəbər tədbirlərə ev sahibliyi etməyə hazırdır. Hesab edirəm ki, Bakıda keçirilən Yay Olimpiya Festivalı Avropa gənclərində unudulmaz, xoş təəssüratlarla yadda qalacaq” .