DİN sistemində narkotiklərlə mübarizə peşəkarlıqla aparılır

ehs

Ehsan Zahidov: “Narkotiklərlə mübarizə sahəsində ayrıca dövlət qurumunun yaradılması ideyası çoxdan köhnəlib”

Son günlər mediada Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin düzgün təşkil olunmaması, həmin cinayətlərin statistikasının reallığı əks etdirməməsi və elə bu səbəbdən də narkotiklərlə mübarizə üzrə ayrıca dövlət qurumunun yaradılmasının zəruriliyi haqda fikirlər səsləndirilir. Bununla bağlı “Yeni Müsavat” qəzeti Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova müraciət edib, ondan bu ittihamlara münasibət öyrənib.

– Ehsan müəllim, bu ittihamlarla bağlı nə deyə bilərsiniz? Sizcə, burda qərəzlilik var, yoxsa qeyri-peşəkarlıq? Yaxud, hər ikisi?

  • Bir sıra kütləvi informasiya vasitələrində özlərini hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə “mütəxəssis” sayan bəzi şəxslər tərəfindən belə absurd iddialar səsləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması dünyanın bütün dövlətlərini narahat edən qlobal problemlərdən biridir. Onun həlli – əks tədbirlərin kompleks şəkildə aparılmasını, dövlətin, cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsini, xarici ölkələrin müvafiq strukturları ilə səmərəli iş birliyini tələb edir. Məsələnin ciddiliyi və milli maraqlar nəzərə alınaraq, respublikamızda uzun illərdir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də dövlət səviyyəsində mütərəqqi, məqsədyönlü və uğurlu siyasət reallaşdırılır. Görülmüş təşkilati tədbirlərlə beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılmış, institusional islahatlar aparılmış və artıq, geniş tədbirləri əks etdirən sayca üçüncü Dövlət Proqramı icra olunur.

– Bununla bağlı Daxili İşlər Nazirliyi hansı işlər görür?

  • Bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarından olan Daxili İşlər Nazirliyi, öz növbəsində, narkotiklərin qeyri-qanuni istifadəsinə tələbatın azaldılması, satışının mümkünsüzlüyə çevrilməsi üçün aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə davamlı iş aparır. Heç də sirr deyil ki, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər narkotikə olan tələbatlarını ödəyə bilmədikdə idarəolunmaz vəziyyətə düşür, başqalarının həyat və sağlamlığına ciddi təhlükə yaradan hərəkətlərə yol verir, istənilən vasitə ilə pul əldə etmək üçün cinayət törətməkdən belə çəkinmirlər. Bunu qanunvericiliklə ibtidai araşdırılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilmiş oğurluq, soyğunçuluq, quldurluq və digər ağır cinayətlərin istintaqının nəticələri, habelə onların baş vermə səbəblərinin öyrənilməsi məqsədilə aparılan tədqiqatlar da təsdiqləyir. Burada nəzərə alınması vacib olan daha bir məsələ, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin içində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olanların, həmçinin oğurluqların, soyğunçuluqların, quldurluqların xüsusi çəkisinin çox yüksək – 81 faiz təşkil etməsidir.

Belə olduğu təqdirdə, əsas təyinatı cinayətlərin, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hüquqazidd əməllərin qarşısını almaq, onları açmaq, cinayətin iştirakçılarını tapıb tutmaq, istintaqını aparmaq, ümumən dövlətin, cəmiyyətin və hər bir şəxsin qanuni mənafelərini hüquqazidd əməllərdən qorumaq olan Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin müsbət və səmərəli nəticələr verməsində necə maraqlı olmaya bilər?!

Əksinə, Nazirlik narkotiklərin və narkomanlığın yayılmasının qarşısının alınmasında ən maraqlı tərəfdir və bu qəbildən olan cinayətlərlə mübarizədə daim prinsipial və barışmaz mövqedən çıxış edir”.

– Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomanlığa qarşı mübarizə işində DİN digər dövlət orqanları ilə hansı ortaq işlər həyata keçirir?

  • DİN digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqədə narkotik vasitələri, psixotrop maddələri ölkəyə gətirən, satışını təşkil edən cinayətkar qrupların və ayrı-ayrı şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi istiqamətində səmərəli və məqsədyönlü iş aparır.

– Bu elə bir həssas mövzudur ki, mütləq burada maarifləndirmə işləri də aparılmalıdı.

  • Bəli, sizinlə razıyam. Daxili İşlər Nazirliyi hüquqi məsuliyyət tədbirlərinə paralel olaraq prokurorluq orqanları, yerli icra hakimiyyətləri, aidiyyəti sahənin mütəxəssisləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə birgə əhali arasında, həmçinin təhsil müəssisələrində geniş maarifləndirmə işləri həyata keçirir. İnsanları, ilk növbədə gəncləri narkomanlığın doğurduğu təhlükələr barədə məlumatlandırmaq, onun acı nəticələrini yaşamaqdan çəkindirmək məqsədilə, respublikanın şəhər və rayonlarında hər il yüzlərlə belə görüş təşkil edilir. Digər tərəfdən, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin müalicəsi və sağlam həyat tərzinə qaytarılması da başlıca və davamlı surətdə həyata keçirilən vəzifələr olaraq, bu sahədə tibb müəssisələri ilə qarşılıqlı əlaqədə konkret tədbirlər görülür.

– Göstərilən cinayətlərin statistikasının aparılması məsələsinə də toxunmaq yerinə düşərdi.

  • İlk növbədə diqqətə çatdıraq ki, bu növ cinayətlər latent xarakterlidir, yəni qeyri-aşkar şəraitdə baş verən cinayətlərdir. Onların statistikası isə, məhz aşkarlanmış müvafiq faktların sayına uyğun olur. Əgər cinayət qeydiyyata alınmayıbsa, sözsüz ki, həmin neqativ halın müəyyən edilib lazımi tədbirlər görülməsi üçün kifayət qədər imkanlar, o cümlədən daxili nəzarət qurumları, “qaynar xətt”lər və s. mövcuddur. Qeydiyyata almama, uçotdan gizlədilmə kimi hallar bu gün praktiki cəhətdən demək olar ki, qeyri-mümkündür. Belə neqativ əməllərə yol verən əməkdaş müəyyən edilərsə, barəsində daxili işlər orqanlarında xidmətdən xaric olunmaya, hətta cinayət məsuliyyətinə cəlb edilməyədək ən sərt tədbirlər görülür.

– Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə işində ayrıca dövlət strukturunun yaradılması fikrinə münasibətinizi bilmək maraqlı olardı…

  • Bu məsələdə Rusiya, Ukrayna və Gürcüstanın təcrübəsindən istifadə edilməklə ayrıca dövlət strukturunun yaradılması fikrinə gəldikdə isə, bildiririk ki, bu aktuallığını çoxdan itirmiş bir ideyadır.

Adları çəkilən ölkələrdə narkotiklərlə mübarizə qurumları müəyyən müddət ərzində müstəqil dövlət orqanı statusunda fəaliyyət göstərsə də, sonradan praktikada özünü doğrultmadığından və gözlənilən müsbət nəticəni vermədiyindən, yenidən Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Sonda onu da demək istərdik ki, hər-hansı bir məsələ ilə bağlı ekspert qismində çıxış etmək iddiasında olan şəxsin müvafiq sahədə hərtərəfli biliyə və məlumata malik olması mütləqdir, əks halda əsl ekspertlə diletant arasında heç bir fərq qalmır, nəticədə isə oxuculara düzgün məlumat çatdırılmır.