Direktor müavini dəm qazından boğuldu

8

 

Paytaxtda baş verən bədbəxt hadisə nəticəsində orta məktəbin direktor müavini dünyasını dəyişib. Həmin an evdə olan bir neçə nəfəri də dəm qazı halsız edib. Hadisə Nərimanov rayonu ərazisində baş verib.

Səssiz ölüm, Azadlıq prospekti 116 mənzil 179-da yaşayan və uzun illər məktəbdə direktor müavini vəzifəsində çalışan Kifayət Bəylərovanın həyatına son qoydu. 57 yaşlı qadın dünən axşam 07:00-08:00 radələrində hamamda nəvələrini çimizdirib.

Yaxınlarının sözlərinə görə, gəlinləri qızının “ağzımda acılıq hiss etdim” sözünü eşidib hamam otağına gəlib. Dəm qazının sızmasını hiss etməyən Kifayət xanımı da elə gəlini huşsuz vəziyyətdə tapıb.

Yaxınlarının sözlərinə görə, dəm qazı gəlini ilə nəvələrini də halsız vəziyyətə salıb. Amma xoşbəxtlikdən onlara heç nə olmayıb.

Uzun illər Nərimanov rayonunda yerləşən Arif Vəliyev adına 258 saylı orta məktəbdə direktor müavini vəzifəsində çalışan 57 yaşlı Kifayət Bəylərova, həmçinin məktəbdə ingilis dili müəlliməsi işləyib.

Elə mərhumun yas mərasimində onunla uzun illər çiyin-çiyinə çalışan iş yoldaşları da iştirak ediblər. Onlar Kifayət müəlliməni itirmələrini məktəb üçün böyük itki hesab ediblər. Şagirdlər də sinif rəhbərinin ölümünü acı ilə qarşıladılar.

258 saylı orta məktəbin direktoru Sədaqət Hüseynova: “Bizim üçün çox ağır itkidir. 1989-cu ildən məktəbdə çalışır. Elə bil məktəbin dayağı gedib”.

Müəllimənin ölümü ilə sükuta qərq olan məktəbdə isə mərhumun xatirəsinə güşə də hazırlanıb.