Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

XALQ.AZ xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP rayon təşkilatı və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Dövlət bayrağının 100 illiyinə, eyni zamanda, Konstitusiya Gününə həsr olunan “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirilib.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov, Fərrux Seyidov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl rayonun orta məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış olub.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra professor Solmaz Tohidi çıxış edərək bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğunu vurğulayıb. Natiq Dövlət bayrağının 100 illik yubileyinin Xalq Cümhuriyyətinin tarixi kontekstində araşdırılmasının vacibliyini xatırladaraq, istiqlalımızın, eləcə də bugünkü Dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından, Cümhuriyyət qurucularının fədakarlığından ətraflı məlumat verib.
Professor S.Tohidi Xalq Cümhuriyyətinin Dövlət bayrağının 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edilməsini, eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmasını o dövr uçun mühüm hadisə kimi dəyərləndiib.
YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov və Fərrux Seyidov çıxışlarında bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanması kimi müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyin ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, bu ənənənin ölkə rəhbəri cənab İlham Əliyevin şərəflə davam etdirdiyini bildiriblər. Eyni zamanda, ümummilli liderin rəhbərliyi ilə ərsəyə gələn Konstitusiyamızın əsas prinsiplərinin azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablandığını diqqətə çatdırıblar.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Natiq, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.
Mərasimdə Dövlət bayrağının 100 illiyinə və Konstitusiya Gününə həsr olunan şeir, rəsm və inşa yazı müsabiqələrinin qalibləri diplomlarla təltif edilib.
Tədbir bədii hissə ilə yekunlaşdırılıb.
Gəncə
Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının Gənclər Birliyi Bayraq Günü ilə bağlı “Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.
Sıralarında 100-dən artıq fəal gəncin iştirak etdiyi yürüş YAP şəhər təşkilatı qərargahının qarşısından start götürüb. Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə əllərində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gəncə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər. Cavad xan küçəsində yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər.
Yürüşboyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını onlara qoşulmağa, həmrəy olmağa çağırıblar.
Gəncədə geniş əks-səda doğuran yürüş şəhərin Bayraq Meydanında başa çatıb.
Samux
Samux rayonunda  Bayraq Günü  münasibəti ilə təntənəli tədbir təşkil olunmuşdur.
Möhtəşəmliyi ilə seçilən tədbirdə şagirdlər və yürüş iştirakçıları əllərində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı ilə Heydər Əliyev Mərkəzinin qarşısından Bayraq meydanına doğru irəliləmişlər. Burada Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Yürüşdə rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı, təhsil, səhiyyə şöbələri , orta məktəblərin müəllim və şagirdləri, rayon ərazisində fəaliyyət göstərən bütün idarə və təşkilatların kollektivləri iştirak etmişlər.
 Rayon icra hakimiyyətinin başçısı  Alı Qocayev və digər natiqlər Bayraq Günü münasibəti ilə tədbirə toplaşanları təbrik etmişlər. Daha sonra şagirdlər Bayraq Günü ilə bağlı çoxlu şeirlər söyləmişlər.
 Tədbir gənclərimiz və rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Kürdəmir
Noyabrın 8-də Kürdəmir şəhərindəki Bayraq meydanında təşkil olunan tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ziyalılar, “N” saylı hərbi hissənin əsgər və zabitləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan bayrağının yaranma tarixindən danışıb. Xüsusi olaraq vurğulayıb ki, çox keçməz, üçrəngli bayrağımız Qarabağımızda dalğalanacaq. Natiq qeyd edib ki, Azərbaycanda dövlət atributlarına, o cümlədən üçrəngli, ay-ulduzlu bayrağımıza hörmət, sevgi və ehtiram ümummilli lider Heydər Əliyevin bizə ən böyük əmanətidir. Azərbaycanın şanlı bayrağının ucalarda dalğalanması üçün dahi şəxsiyyət tarixi işlər görüb. Məhz ümummilli liderin səyləri nəticəsində bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyev də dövlət atributlarına xüsusi hörmətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan paytaxtla yanaşı, bölgələrimizdə də müvafiq tədbirlər görülür. Belə işlər arasında Bayraq meydanları və muzeylərinin yaradılmasının böyük əhəmiyyəti var.
Mərasimdə şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları “Bayrağımız qürur mənbəyimizdir” adlı kompozisiya təqdim olunub.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Həmin gün rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 50-dən artıq həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi təqdim edilib.
BALAKƏN
Rayon mərkəzindəki Bayraq muzeyində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən rayon RİH-in başçısı İslam Rzayev bayram münasibətilə mərasim iştirakçılarını təbrik edib və bu əlamətdar günün əhəmiyyətindən söz açıb. Natiq bildirib ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.
Başımızın üzərində dalğalanan üçrəngli Azərbaycan dövlət bayrağı 9 noyabr 1918-ci ildə – Xalq Cümhuriyyəti dövründə təsis edilib və həmin tarixdən 100 il ötür. 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
İslam Rzayev bildirib ki, 2017-ci il avqust ayının 3-də Balakən rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra obyektlərlə yanaşı, rayon mərkəzində inşa olunmuş Bayraq muzeyinin açılışını edib. Balakəndə Bayraq muzeyinin inşa olunması milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Daha sonra tədbirdə rayon mədəniyyət işçiləri tərəfindən Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramına uyğun olaraq, 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib.
Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, pedaqoji kollecin müəllim və şagird kollektivləri rayondakı  Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Tədbirdə çıxış edənlər milli bayrağımızın özündə müqəddəs dəyərləri əks etdirdiyini vurğulayıblar.
Mərkəz fondunun baş mühafizi Elza Kazımova “Azərbaycan bayrağı milli qürurumuz, kimliyimiz, vüqarımızdır” mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi  müstəqilliyin əsas atributlarından olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib.
Tədbir iştirakçıları Astara Bilik evinin toxuculuq və rəssamlıq dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa”da şəhərin 6 məktəbinin və texniki təbiət təmayüllü liseyin şagird və müəllim kollektivləri iştirak edib.
Fondun rayon üzrə nümayəndəsi Anar Rzayev tədbiri açaraq, bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Qeyd edilib ki, azərbaycanlılar dövlət bayrağını müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi qəbul edirlər.
Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçasında gerçəkləşən tədbiri müəssisənin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Kəmalə Hüseynova açaraq, bayrağımızın yaranma tarixindən, üzərində olan rənglərin mənalarından danışıb. Körpələr evinin uşaqları şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda sənədli film nümayiş olunub.
Eyni məzmunlu tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində də təşkil olunub. İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov tədbiri açaraq, bildirib ki, ləyaqət simvolu olan Dövlət bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf işidir.
Bilik Fondunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva fondun maarifçilik fəaliyyətindən söz açıb. O, “Sülhün göyərçini, savaşın qartalı” olan üçrəngli, ay-ulduzlu bayrağımızı milli dəyər kimi səciyyələndirərək, dövlət atributuna dərin ehtiram göstərməyin vətəndaşlıq borcu olduğunu söyləyib.
ADPU-nun professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Dövlət atributlarımız” mövzusunda çıxış edib. Bildirib ki, bayraqlarda ideoloji, siyasi, sosial-sinfi, dini, milli və digər ideyalar daha ümumiləşmiş formada öz təcəssümünü tapır. Tədqiqatçı alim Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrümüzə qədər istifadə olunan bayraqları əhatəli şəkildə şərh edib. Sonda X.Məmmədov ümummilli lider Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini hər sahədə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın milli dövlət atributlarını uca tutduğunu və konkret addımları ilə bu ruhu cəmiyyətə aşıladığını xüsusi vurğulayıb.
Bayram ərəfəsində fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Fondun təşkilatçılığı ilə Xaçmaz şəhər M.Məmmədov adına 4 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunan tədbirdə  fondun sektor müdiri Hacı Abdulla “Dövlət atributlarımız və məktəblilərin vətənpərvərlik tərbiyəsi” mövzusunda, Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev “100 yaşlı bayrağımız” mövzusunda çıxış ediblər.
Fondun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov Ərmənət kənd tam orta məktəbində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda çıxışında məktəblilərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımıza böyük məhəbbətlə yanaşmağın vacibliyini vurğulayıb.
Bilik Fondunun Qarabağ, Ağstafa regional, Nardaran, İsmayıllı, Qax, Oğuz, Ağsu, Ağdaş bilik evləri, Abşeron, Siyəzən, Quba, Ağdam, Tərtər, Göyçay, Şirvan, Mingəçevir, Neftçala, Qazax və digər bölgələr üzrə nümayəndələri də Dövlət Bayrağı Günü münasibətilə maarifləndirici görüş, “dəyirmi masa”, sərgi, təqdimat və mühazirələr təşkil ediblər.
Orxan