Dövlət qulluğu ilə bağlı yeni müddəalar açıqlandı

“Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib”.

XALQ.AZ  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli deyib. O, yeni yanaşma əsasında müddəaları açıqlayıb.

“Birincisi, özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır”.

Bundan əlavə, M.Kərimli yeni yanaşmanın 3 komponenti barədə məlumat verib:

“Birinci komponent ondan ibarətdir ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən edilir. İkincisi, vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılır, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən edilir. Üçüncüsü, dövlət qulluqçularının əmək haqları beynəlxalq təcrübə əsasında ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə daim uyğunlaşdırılır. Bu yanaşmanın əks olunduğu dövlət qulluqçularının əməyin ödənilməsi sistemi haqqında qanun layihəsi hazırlanıb, yekunlaşdırılaraq aidiyyatı dövlət orqanlarına təqdim olunub. Biz onlardan daxil olan rəy və təkliflər əsasında qanun layihəsini yenidən təkmilləşdiririk”.

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sisteminə dair layihələrin hazırlanması nəzərdə tutulur.

 

Orxan