“Dövlət hər zaman vətəndaşının sosial müdafiəsinin gücləndirilməsini düşünür”

“Bu qərarlar, bundan əvvəlki tətbiq olunan sosial paket və dünənki qərar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gücü və qüdrəti var. Bu baxımdan da dövlət hər zaman ölkə vətəndaşının sağlamlığı ilə bərabər, eyni zamanda, sosial müdafiəsinin gücləndirilməsini də düşünür. Bu heç də asan başa gəlmir və bütün ölkələrdə həyata keçirilməmişdir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov Nazirlər Kabinetinin yeni qərarı ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası dövründə ölkəmiz koronavirusla mübarizə tədbirləri çərçivəsində bir çox dövlətlərə nümunə gətirilən zəngin sosial paketlər təqdim etdi və Prezident İlham Əliyev tərəfindən bu paketlərin tətbiqinə dair 3,5 milyard manat ayrıldı:

“Bu paketə əhalinin, xüsusilə də aztəminatlı ailələrin sosial nüdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması, sahibkarlara dövlət dəstəyinin verilməsi kimi tədbirlər müəyyənləşmişdi. Belə ki, 600 min insana 2 aylıq 190 manat həcmində müavinət verilmiş, təxminən, 700 minə yaxın özəl sektorda çalışan vətəndaşların əməkhaqqısının əhəmiyyətli hissəsinin dövlət hesabına ödənilməsi, 90 min ödənişli ictimai iş yerlərinin yaradılması, ünvanlı sosial yardım ailələrinin 80 min həcmində müəyyənləşdirilməsi, buna kimi təxminən, 68 min idi, lakin, 10 mindən çox ailə də burada əhatə olundu, 12 min 500-ə yaxın ailənin özünüməşğulluq proqramına əhatə olunması, 300 minə yaxın sahibkara dövlət dəstəyinin verilməsi və bir sıra bu kimi tədbirlər müəyyənləşdirilib həyata keçirilmişdi. Dünən, Nazirlər Kabineti əlavə qərar verdi və sərt karantin rejimi tətbiq olunmuş 8 şəhər və rayonda, bu 5 iyula kimi tətbiq olunacaq, həmin ərazilərdə yaşayan və aprel-may ayları üçün 190 manat almış vətəndaşlarımıza yenidən bir aylıq birdəfəlik 190 manat vəsaitin ödənilməsi həyata keçiriləcək. Təbii ki, bununla yanaşı eyni zamanda əlilliyi olan şəxslərin qeydiyyat müddətinin uzadılması və bir sıra bu kimi tədbirlərlə bağlı Nazirlər Kabineti qərar verdi”.

Millət vəkili qeyd edib ki, bu, o deməkdir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəd, məhz, ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığıdır və bununla yanaşı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə çox böyük təkan verməkdir:

“Baxmayaraq ki, sərt karantin rejimi 8 şəhər və rayonda, hansı ki, virusun yayılma coğrafiyası daha geniş vüsət alıb və 15 gün müddətinə tətbiq edildi, bu qısa müddət ərzində adıçəkilən tədbirlər müəyyənləşdirildi və onların həyata keçirilməsi bir daha onu göstərdi ki, ölkə Prezidenti ilk növbədə vətəndaşın sağlamlığını əsas məqsəd kimi qarşıya qoyur. Bununla yanaşı eyni zamanda xüsusilə də aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti qərar imzaladı. Təbii ki, bu qərarlar və bundan əvvəlki tətbiq olunan sosial paket və dünənki qərar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gücü və qüdrəti var. Bu baxımdan da dövlət hər zaman ölkə vətəndaşının sağlamlığı ilə bərabər, eyni zamanda, sosial müdafiəsinin gücləndirilməsini də düşünür. Bu heç də asan başa gəlmir və bütün ölkələrdə həyata keçirilməmişdir. Bu, Azərbaycan vətəndaşının dövlət üçün nə qədər önəmli və ön sırada getdiyinin əyanı nümunəsidir”.