Dövlət orqanlarında işə düzələ bilərsiniz – 12 vakant yer

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 2-də dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

XALQ.AZ xəbər verir ki, vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 3-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr), 9-u isə B növünə (inzibati icraçı vəzifələr) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Mədəniyyət Nazirliyində 1 vəzifə, Energetika Nazirliyində 1 vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apellyasiya Məhkəməsində 1 vəzifə, Maliyyə Nazirliyində 5 vəzifə olmaqla 12 vakant vəzifə müsahibəyə çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, müvafiq sənədlərin müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətləri və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə noyabrın 2-dən dekabrın 2-si saat 18:00-dək (30 gün müddətində) DİM-in internet portalına məlumatları yerləşdirərək qeydiyyatdan keçməlidirlər.

 

 

Orxan