Dövlət Yol Polisi İdarəsi reydlər keçirir

 

06

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyi ilə birgə paytaxtda reydlər keçirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirmişdir ki, noyabrın 7-də keçirilən reydlər paytaxtın metronun “Koroğlu” stansiyasının yaxınlığındakı avtobus dayanacağından başlayaraq “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyalarına qədər küçə və yollar boyunca dayanacaqların, eləcə də yol boyu yolların hərəkət hissəsində, ikinci cərgədə avtomobilləri saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədi ilə keçirilmişdir.
Reydlər zamanı yol polisinin və Nəqliyyat Nazirliyinin əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyən və tədbir yerində avtomobili yüksək sürətlə idarə edən, hətta əməkdaşların üzərinə avtomobili sürərək qaçmağa cəhd göstərən 6 sürücü barəsində tədbir görülməsi üçün raport təqdim edilmiş, 10 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara göndərilmişdir. Dayanma, durma və park etmə qaydalarını pozduqlarına görə çoxlu sayda sürücüyə inzibati protokollar tərtib olunmuş, avtobus dayanacağı ərazisini zəbt etdiyi üçün evakuatorların köməyi ilə həmin avtomobillər cərimə meydançalarına aparılmışdır.
Sərnişinlər, piyadalar və ətrafdakı insanlar əməkdaşların fəaliyyətinə müdaxilə etdikləri üçün onlar arasında da geniş təbliğat işləri aparılmışdır. Reydlər zamanı taksi fəaliyyəti ilə məşğul olan bir sürücüdən soyuq silah sayılan bıçaq aşkarlanmışdır.
V.Əsədov demişdir ki, sərnişindaşıma ilə məşğul olan sürücülər arasında nizam-intizamın yüksəldilməsi, əhaliyə nümunəvi xidmət göstərilməsi, eləcə də təhlükəsizliyin təmin olunması məqsədi ilə tədbirlər davam etdiriləcəkdir. Bir daha avtomobil sahibləri və sürücülərinin nəzərinə çatdırılır ki, avtobus dayanacaqlarının ərazisində avtomobili park edənlərə, yolların hərəkət hissəsində, ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, dayanma-durmanın qadağan edildiyini göstərən nişanların təsir zonalarında tələbləri pozan avtomobil sürücülərinə qarşı mütəmadi tədbirlər görüləcəkdir.

 

08 09 10