Dövlətimiz bütün bu sınaqlardan daim alnıaçıq çıxıb

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənir, beynəlxalq münasibətlər sistemində güclü mövqeyi olan dövlət kimi qəbul edilir. Respublikamızın müstəqil siyasət yürütməsi, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun yaradılması kimi qlobal məsələlərdə söz sahibi kimi çıxış etməsi sağlam siyasi mərkəzlərin etiraf etdiyi reallıqlardır.

Azərbaycanın bu uğurlarını qəbul etməyənlər isə Qərbin erməni təəssübünü çəkən siyasi dairələridir. Hansı ki, həmin dairələr daim Azərbaycanda gedən inkişaf və demokratikləşmə proseslərinə, ölkəmizin hər bir uğuruna qara yaxmağa, kölgə salmağa, anlayışını belə verə bilmədikləri “siyasi məhbus” axtarmağa çalışıblar. Son olaraq Avropa Şurasının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən keçirilən seçki şousuna münasibət bildirməməsi həmin dairələrin iç üzünü bir daha ortaya qoydu.

Dünən Tərtər şəhərində Olimpiya İdman Kompleksinin açılışından sonra idmançılarla görüşən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bir daha bəyan etdi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər bir kağız parçasından artıq deyil. “Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı” deyən Prezident qeyd etdi ki, bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Bəli, dövlət başçısının da dediyi kimi Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya durur. Avropa Şurasının və onunla eyni mövqedə olan “Freedom House”, “Human Rights Watch”, “Amnistey İnternational” kimi təşkilatlar daim Azərbaycanı ləkələmək üçün fürsət axtarır, ölkəmizdə insan hüquqlarının vəziyyəti ilə bağlı obyektivlikdən uzaq bəyanatlar verir, o cümlədən islamofobiya mövqeyində duraraq qərəzli çıxışlar edirlər. Lakin bir dəfə də olsun qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq azərbaycanlının pozulmuş yaşamaq və mülkiyyət hüquqlarını müdafiə etməyiblər.

Amma Azərbaycan dövlətinin uğurlarını həzm edə bilməyənlər yalnız bunlar deyil. Bu gün özünü müxalifətçi və ya hüquq müdafiəçisi hesab edən bir qrup qaragüruh, xəyanət yolunu seçmiş reneqatlar da öz əməlləri ilə dövlətimizə və xalqımıza qənim kəsiliblər. Prezident İlham Əliyev Tərtərdəki nitqində “beşinci kolon”u və “satqınlar” ifadələrini təsadüfi işlətmədi. Çünki çoxdan tükəndiklərini, xalqın nifrətini qazandıqlarını hələ də dərk edə bilməyənlərin və onların təmsil olunduqları təşkilatların xalqa və dövlətə xəyanət yolunu tutduqları sübuta ehtiyacı olmayan aksiomdur. Məsələn, bu adamlar sifariş aldıqları Qərb dairələrində keçirdikləri görüşlərdə bir dəfə də olsun Azərbaycanın haqq səsini ucaltmır, Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu dilə gətirmir, eyni zamanda Azərbaycandakı real vəziyyəti məqsədyönlü şəkildə təhrif edirlər. Çünki siyasi xülyaları naminə məhz ermənipərəst dairələrlə əməkdaşlıq edirlər və bununla da Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı çıxırlar.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi 29 il ərzində çox ağır sınaqlara məruz qalıb. Lakin dövlətimiz bütün bu sınaqlardan daim alnıaçıq çıxıb. Bu gün isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha qüdrətli və daha güclüdür. Heç bir xarici qüvvə və milli satqınlar qrupu bu dövlətə təzyiq və ya təsir edə bilməz.

Vüqar İSKƏNDƏROV, Milli Məclisin deputatı