Şirvan DSMF-də özbaşınalıq

Sirvan

Şöbə müdiri Çingiz Əhmədov qanunsuz işlərlə məşğul olur

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsasnaməsində qurumun vəzifələrinin yer aldığı bölmədə yazılıb ki, fond dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək, büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə, birdəfəlik müavinət, işsizlik müavinətləri kimi məsələlər aiddir. Üzülərək demək istəyirik ki, DSMF-nin şəhər və rayon şöbələrində vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi vəzifəli şəxslər arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar. Qeyd edək ki, fondun sabiq sədri Səlim Müslümov bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildi. Onun fondda boş qalan postunu isə keçmiş müavini Elman Mehdiyev tutdu. Bizim bildiyimiz qədərilə Elman müəllim uzun müddətdir bu sahədə çalışır və kifayət qədər təcrübəyə malikdir. Çox güman ki, DSMF-nin rəhbəri ilk növbədə yerli şöbələrdə üzə çıxan neqativ halları yoluna qoymaq barədə fikirləşəcək.
Biz Elman Mehdiyevə məsləhət görürük ki, islahatlara fondun Şirvan şəhər şöbəsindən başlasın. Ona görə ki, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, şöbənin müdiri Çingiz Əhmədov qanunsuz işlərlə məşğuldur: «O xeyli müddətdir ki, müdir vəzifəsinə qoyulub. Çingiz Əhmədov Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə rəhbər keçən gündən indiyə qədər problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə şəhərdəki iş adamlarını belə arxada qoymağı bacaran müdir qanunvericiliyin tələblərinə əməl etmir. Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Şəhər sakinlərini süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır». Məlumatlı mənbənin sözlərinə görə, Çingiz Əhmədov sovet dövründə müxtəlif müəssisələrdə çalışmış insanlar təqaüdə çıxarkən onların sənədlərində müxtəlif nöqsanlar axtarır, bəhanələr gətirir və bu zaman qarşı tərəfdən nələrsə umulur:
«Bundan fərqli olaraq, heç bir iş təcrübəsi olmayanlara müxtəlif yollarla əmək təcrübəsi yazılır, müraciətlərinə müsbət cavab verilir. Təbii ki, həmin şəxslər buna görə şöbənin rəhbərliyinə «hörmət» edirlər. Qurumun keçmiş rəhbərliyinin dövründə vətəndaşlar məmur özbaşınalığından bezmişdilər. Çingiz Əhmədovu bura gətirdilər ki, bu sahədə yaranmış korrupsiya və rüşvətxorluq hallarını aradan qaldırsın. Amma müdirin fəaliyyəti şöbədə daha ciddi qanun pozuntularının meydana çıxmasına səbəb olub. Hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində süründürməçilik hallarına yol verilir. Şöbə müdiri qaranlıq əməllərə imza atsa da, şəhər rəhbərliyi tərəfindən ona güldən ağır söz deyilmir. Çünki Çingiz Əhmədov yüksək vəzifəli şəxslərdən birinin qohumudur. Məhz həmin şəxsə güvənərək şöbədə istədiyi hərəkətləri edir. Sakinlərdən alınan «şirinlik»lə şöbə müdiri maddi durumunu xeyli yaxşılaşdırıb. Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev bütün məmurlara sadə olmağı, vətəndaşlarla normal ünsiyyət yaratmağı tapşırıb. Çingiz Əhmədov kimi məmurlar isə yerlərdə narazılıq yaradır.
DSMF sədri Elman Mehdiyev şöbə müdirinin fəaliyyətini dərindən təftiş etsə, onu vəzifədən çıxaracaq. O zaman məmuru güvəndiyi qohumu da qoruya bilməyəcək. Növbəti saylarımızda adıçəkilən şəxsin nəyə görə vaxtının çox hissəsini Bakıda keçirməsi, hansı bahalı restoranlarda istirahət etməsi və digər maraqlı məqamlarla bağlı məlumat verməyə çalışacağıq. Bizi izləyin.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.