DSX ilə AMEA arasında “Niyyət Sazişi” imzalandı

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir.

XALQ.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən xəbərə görə, bu sahədə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə qarşılıqlı faydalı münasibətlər qurulmuş, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tətbiqi üzrə əməkdaşlığın inkişafı təmin edilib.

2018-ci ilin 07 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Sərhəd Xidməti ilə Milli Elmlər Akademiyası arasında “Niyyət Sazişi”nin imzalanması mərasimi keçirilib. Niyyət Sazişində AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Sənədi imzalayan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçıları qarşısında çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıb və birgə fəaliyyətin uğurlu davamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə ediblər.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.