Dubayda Azərbaycanda iş adamları üçün yaradılmış əlverişli şəraitdən var

57

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin rəsmi dəvəti ilə 7-ci dəfə keçirilən Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum adına biznes mükafatının təqdimat mərasimində iştirak etmişdir.
Tədbirdə Dubay Şeyxinin müavini, Şeyxin oğlu Məktum bin Məhəmməd bin Rəṣid Əl-Məktum, BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri, Dubayın Ticarət və Sənaye palatasının baş direktoru Hamad Buamim, dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, biznesin bütün sahələrini əhatə edən iri şirkətlərin sahibləri iştirak etmişlər.
“Azərbaycan” Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, mərasimi açan iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri ölkədə gedən inkişaf proseslərindən, yerli və xarici şirkətlərin uğurlarından danışmışdır. O demişdir ki, 2005-ci ildən keçirilən bu müsabiqəyə indiyədək 1100-dən artıq yerli və xarici şirkət qatılmışdır.
Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamim BƏƏ-də, xüsusilə də Dubayda biznesin inkişafı, iş adamları üçün yaradılmış əlverişli şərait haqqında danışmışdır.
Sonra biznesin müxtəlif sahələrində 14 qalib şirkətin rəhbərlərinə Şeyx Məhəmməd bin Raşid Əl-Məktum adına mükafatlar təqdim edilmişdir.
Tədbir çərçivəsində “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüşmüş, BƏƏ-də azərbaycanlı iş adamları üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir.
Görüşdə Samir İmanov son 10 il ərzində Azərbaycandakı sürətli iqtisadi inkişafdan danışmış, ölkəmizdə yerli və xarici investorlara dövlət tərəfindən əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.
Ticarət və Sənaye Palatasının rəhbərliyi Azərbaycandan Dubaya yeni iş adamlarının gəlməsində, onların şəhərdə keçirilən sərgilərdə fəal iştirak etmələrində maraqlı olduqlarını söyləmişdir.

25