Dünya ədalətsiz ola bilər, amma Tanrı ədalətlidir

Yanan evlər, əliyalın qaçan insanlar, tökülən qanlar və qırmızı qərənfillər…Bunlar mənim məktəb illərində Xocalı soyqırımının anım günündə çəkdiyim rəsm əsərlərinin əsasını təşkil edirdi. Müharibənin mahiyyətini böyüklərdən eşidən, dərsliklərdən oxuyan bir uşağın qətliam anlayışı yalnız bu qədər ola bilərdi. Axı uşağa necə başa salasan ki, ermənilər onun yaşıdlarını divara mismarlayıb, dərisini soyaraq öldürüb, cəsədlərini hissə-hissə doğrayıb, itlərə yem olaraq verib. Yaşıdları analarının kəsilmiş döşlərini yeməyə məcbur qoyulub. Ataları gözləri qarşısında necə alçaldılıb, anaları hansı işgəncələrə məruz qalıb. Axı uşaq necə qansın ki, təcavüz nədir? Axı uşağa deməyə, yazmağa utandığımız o ifadələri necə izah edəsən? Hansı balaca bunları eşidib psixoloji zədə almaz ki? Hansı balaca bunları rəsmə, yazıya köçürdə bilər ki?

Müharibə görməyən həmin uşaq böyüyüb, kitablardan tanış olduğu erməni vəhşiliyinə indi özü şahiddir. Yenə yatdığı yerdə öldürülən körpə Mədinələr, həyətdə oynadığı zaman qətlə yetirilən balaca Aysular, xəyalları yarıda qalaraq həlak olan insanlar, dağıdılaraq yerlə yeksan edilən binalar… Bu mənzərə soyqırımı xatırlatsa da, bir fərq var. O zaman məğlub olduq, bu dəfə isə qalib tərəf bizik.

Mən həyatda karma qanuna çox inanıram. O gün olsun, torpaqlarımız işğaldan azad olsun cümləsindəki həmin “o günü” yaşayırıq. Çünki söz böyük qüvvədir. Düzdür, mən də ümidsiz olmuşam, hər dəfə efirdə erməni silahlı qüvvələrinin atəşkəsi pozması xəbərini səsləndirəndə, görəsən, bu işğala nə vaxt son qoyulacaq deyə gileylənmişəm. Amma karmanın da öz vaxtı var. İndi həmin andayıq. Hər gün efirlərdə, saytlarda işğaldan azad edilmiş ərazilərimizin adları sadalanır, hamı zəfər xəbərlərinə sevinir.

Dünya ədalətsiz ola bilər, amma Tanrı ədalətlidir. Tezliklə şanlı Azərbaycan Ordusunun gücü gündəliklərin ilk səhifəsindəki qan yaddaşı bölməsini tamamilə yeniləyəcək, tarix dərsliklərində torpaqlarımızın azad edildiyi günlərin xronologiyası qeyd ediləcək. Şagirdlərin inşa mövzuları, rəsm əsərləri də qələbəyə həsr olunacaq. Bu gələcək zaman şəkilçisi isə yaxın günlərə hesablanıb.

Bütün İlahi qüvvələr əsgərlərimizi qorusun!

Gənc yazar, jurnalist

Fidan Əliheydər