Dünya çempionatı: Mariya Stadnik finala yüksəlib

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.

XALQ.AZ xəbər verir ki, rəqib çinli Yanan Sun olub. Görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb.

Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rəqib rumıniyalı Emilia Alina Vuç olacaq.

***

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi rusiyalı Yekaterina Polişçuk olub. Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb – 11:0.

Bununla da titullu pəhləvan yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Finala gedən yolda isə onun rəqibi çinli Yanan Sun olacaq. Sun yaponiyalı Yuki İrieni 1/4 finalda məğlub edib – 13:12.

*** 

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb – 9:2.

***

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

50 kq çəki dərəcəsindəki Stadnikin ilk rəqibi nigeriyalı Mersi Cenezis vaxtından əvvəl tam üstünlüklə məğlub edib – 10:0.

*** 

Azərbaycan qadın güləşçisi Türkan Nəsirova Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına məğlubiyyətlə başlayıb.

53 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı ilk görüşdəcə almaniyalı Nina Hemmerə vaxtından əvvəl uduzub – 11:0.

*** 

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar.

Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunacaq. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edəcək. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olacaq. Təsnifat mərhələsinə təsadüf edən görüşün qalibi 1/8 finala yüksələcək.

Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının mükafatçısı Nina Hemmerlə üz-üzə gələcək.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Dünya çempionatı

17 sentyabr

50 kq
Təsnifat mərhələsi. Mariya Stadnik – Mersi Cenezis (Nigeriya)

53 kq
Təsnifat mərhələsi. Türkan Nəsirova – Nina Hemmer (Almaniya)

Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində “Tokio 2020″yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.