Dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq

“Bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak etməkdən məmnunam”.

XALQ.AZ xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə BMT Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande deyib.

O bildirib ki, Zirvə Görüşü Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin olmasının göstəricisidir: “İkinci Dünya müharibəsindən sonra yaradılan BMT daima sülh və ədalətin olmasına çalışıb. BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir. Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq”.

BMT Baş Assambleyasının Prezidenti qeyd edib ki, dünyada sülhün bərqərar olmasının əsasında “Bandunq Prinsipləri” və BMT Nizamnaməsi dayanmalıdır: “Biz elə həll variantları tapmalıyıq ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin. Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. Təhsilə çıxışı təmin etməli, işsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq. Gənc qızların təhsilə çıxışı çox vacibdir, bu səylər davamlı şəkildə göstərilməlidir. Eyni zamanda, biz dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq”.

Tijjani Məhəmməd-Bande Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə Azərbaycana uğurlar arzulayıb.