“Dünyadan gizlətməli heç nəyimiz yoxdur” – MÜSAHİBƏ

soltan

Milli Məclisin 14 saylı Xəzər seçki dairəsindən deputatı Soltan Məmmədov müsahibə verib.

–  Soltan müəllim, altıncı çağırış Milli Məclisin yeni deputatlarındansınız. Parlament fəaliyyətinizə qədər isə müxtəlif sahələrdə çalışmısınız. Bu baxımdan parlamentdəki fəaliyyətinizi digər sahələrdəki fəaliyyətinizlə necə müqayisə edə bilərsiniz?

– Parlamentin üzvü olmaq, insanların etimadını qazanaraq onları qanunverici orqanda təmsil etmək böyük şərəfdir, eyni zamanda, mənim fikrimcə, daha çox məsuliyyətdir. Çalışıram ki, göstərilən etimadı doğruldum. İnsanlara yardım etmək, səlahiyyətlərim çərçivəsində onların problemlərinin həllinə dəstək olmaq çox mühümdür. Eyni zamanda, Milli Məclisin iclaslarında da müzakirələrdə fəal olmağı vacib hesab edirəm. Daha əvvəllər mən müxtəlif beynəlxalq təşkilatlarda işləmişəm. Heydər Əliyev Fondunda qazandığım əvəzsiz təcrübə isə həm insanlarla işləməkdə, həm də ölkəmizin ümumi maraqları naminə fəallıq göstərməkdə mənə çox böyük kömək olur.

–    14 saylı Xəzər seçki dairəsinin deputatısınız. Maraqlıdır ki, deputat olmaq ideyası necə yarandı? Yəqin ki, deputat olmağı hədəf seçərkən planlarınız var idi. Sirr deyilsə, o planlar nə ilə bağlı olub?

– Xəzər rayonundan deputatlığa namizəd olmaq mənim üçün böyük şərəfdir. Bildiyiniz kimi, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyeva uzun illər bu dairəni Milli Məclisdə təmsil edib. Onun gördüyü işlər, rayonda həyata keçirdiyi böyük layihələr, insanlara göstərdiyi kömək hər kəsin yaddaşında dərin iz buraxıb. Bu baxımdan, yeni deputatdan da gözləntilər böyükdür. Çalışıram ki, bu gözləntiləri müəyyən qədər də olsa doğrulda bilim. 

– Parlamentdə təmsil olunmaq həm də hər bir seçicinin səsi olmaq deməkdir. Seçicilər əsasən nə kimi məsələlərlə bağlı sizə müraciət edir?

– Ən müxtəlif məsələlərlə bağlı müraciətlər olur. Daha çox, bəzi qəsəbələrdə içməli su problemi ilə bağlı müraciətlər çoxdur. Bundan başqa, sosial sahə ilə bağlı müraciətlər də çox olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də dəstəyi ilə biz bu müraciətlərin böyük bir hissəsini müsbət həll edə bilirik. Səhiyyə ilə bağlı problemlərin həllində də müvafiq qurumlar öz dəstəyini əsirgəmir.

– Heydər Əliyev Fondunun Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəhbərisiniz. Fondun Azərbaycan üçün əhəmiyyəti barədə fikilərinizi eşitmək istərdik. Beynəlxalq sahədə fəaliyyət istiqamətləri nədən ibarətdir? Bəzən Fondda işləmək kənardan çox cazibədar və prestijli görünür. Amma orada çalışanların necə gərgin işlədiyi kimi məqamlar da var. Heydər Əliyev Fondunda çalışmağın üstünlükləri barədə nə deyə bilərsiniz?

– Heydər Əliyev Fondu bu gün çox geniş əlaqələrə və beynəlxalq aləmdə ciddi nüfuza malik təşkilatlardan biridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyayaya xidmət edən irsinin öyrənilməsi, təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin həyata keçirilməsi Fondun əsas fəaliyyət istiqamətlərini təşkil edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mədəni irsimizin qorunması da bura daxildir.  Fond bir sıra xarici ölkələrdə məhz mədəni irsimizin təbliği, ölkəmizlə bağlı həqiqətlərin yayılmasını hədəfləyən uğurlu layihələrə imza atıb. O ki, qaldı, Fondda çalışmaqla bağlı sualınıza, bu kollektivin bir parçası olmaq insana çox qiymətli təcrübə qazandırır. Elə bir təcrübə ki, burda ehtiyacı olanlara yardım etmək, çətinliyə düşənlərə dəstək olmaq, humanizm, xeyirxahlıq əsas prinsiplərdir. Əlbəttə ki, Fondda işləmək həm də böyük məsuliyyətdir. Çünki saat mexanizmi kimi dəqiq işləyən münasibətlər sistemi, iş rejimi mövcuddur. Lakin qeyd etdiyim kimi, əldə olunan nəticələr, Fondun Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda böyük nüfuza malik olması, qarşısına qoyduğu məqsədlər insana stimul verən əsas amillərdir.

– Hazırda dünya pandemiya şəraitində yaşayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə heç də həmişə xoş proqnozlar vermir. ÜST-ün fəaliyyətini necə qiymətləndirirsiniz? Bəzən ÜST-lə bağlı tənqidi fikirlər də səslənir.

– Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinə mənim qiymət verməyim doğru olmaz. Lakin, koronavirus pandemiyasının mümkün inkişaf istiqamətləri ilə bağlı təşkilatın verdiyi proqnozlar əsasən özünü doğruldur. Təbii ki, müəyyən yanılmalar da ola bilər. Əsas məsələ ondan ibarətdir ki, ÜST pandemiyanın qarşısının alınması üçün bütün mümkün addımları atmağa çalışır. Azərbaycan da bildiyiniz kimi, bu təşkilatla sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, ÜST mütəxəssisləri bizim ölkəmizdə hökumətin COVID-19 pandemiyası ilə mübarizə sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirirlər. Bu gün dünyada pandemiya ilə bağlı mübarizədə ən düzgün tövsiyələri verən yeganə təşkilat ÜST-dir.

– Adətən hər yeni iş yeri yeni dostlar deməkdir. Bu mənada Soltan müəllimin qazancı varmı?

– Parlament üzvlərindən bəzilərini öncədən tanıyırdım. İndi daha yaxından tanımaq imkanım oldu. Eyni zamanda, həm təşviqat kampaniyası zamanı, həm də deputat seçildikdən sonra seçicilərimiz arasında yeni dostlar qazandıq. Hesab edirəm ki, ən mühümü insanların rəğbətini qazana bilməkdir. Şox sayda yeni insanlarla tanış olmuşam. Təmsil etdiyim dairədən və Azərbaycanın müxtəlif bölgələrindən dostlar qazanmışam. Bayaq da qeyd etdiyim kimi, Heydər Əliyev Fondunun mənə qazandırdığı təcrübə hər kəsi dinləmək, problemlərinə, qayğılarına şərik olmaq, mümkün qədər yardım göstərmək, hər bir insana öz doğman, yaxının kimi yanaşmağı aşılayıb. Bu baxımdan, əlbəttə ki, yeni dostlar qazanmışam və sadə adamların münasibəti mənim üçün çox önəmlidir.

–  Azərbaycan gəncliyinin indiki durumu barədə də  fikirləriniz maraqlıdır…

– Müstəqil Azərbaycanda doğulmaq indiki gəncliyin ən böyük şansıdır. Çünki müstəqil ölkənin vətəndaşı olmaq tamamilə fərqli bir hissdir. Xüsusilə də vətəndaşı olduğun ölkə dünyada nüfuz və etibar sahibidirsə, öz vətəndaşlarının mənafelərini davamlı müdafiə edirsə, güclü dövlət kimi tanınırsa və bunu hər bir vətəndaş hiss edirsə. Bizim nəsil müstəqillikdən daha əvvəlki dövrdə doğulub, başqa təhsil, fərlqi ictimai tərbiyə görmüşük. Ancaq indi müstəqillyin nə qədər dəyərli olduğunu görürük. Ona görə də, indiki gəncliyin üzərinə həm də böyük məsuliyyət düşür. Hesab edirəm ki, Azərbaycan gəncliyi dövrün, zamanın, müasir dünyanın çağırışlarına adekvat reaksiya verməyi bacarır. Onlar dünyaya fərqli baxış bucağından baxırlar, təhsilə, tərbiyəyə münasibətləri, dünyagörüşləri bizimlə eyni deyil. Vacib olanı budur ki, hər biri Azərbaycanın müstəqilliyinin dəyərini bilir. Müstəqil ölkədə doğulmaq müstəqil düşüncə tərzinin formalaşması üçün mühüm amildir. Dövlət güclü olanda isə bu vətəndaşın özünə inamının, milli qürur hissinin daha da yüksək olmasına stimul yaradır.

– Azərbaycanın xaricdə təbliği işində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın zəhməti əvəzsizdir. Bu istiqamətdə daha hansı addımlar gözlənilir?

– Qeyd etdiyim kimi, Azərbaycan həqiqətlərinin təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər bu sahədə kifayət qədər uğurlu layihələr həyata keçirilib.  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə hər zaman xüsusi həssaslıq və diqqətlə yanaşır. Fondun ingilis, fransız, ərəb, fars,  alman, rus, yapon  dillərində nəşr etdiyi “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə uğurlu layihələrdən biri olub. Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Dünyanın müxtəlif ölkələrində münaqişə ilə bağlı konfranslar, müzakirələr təşkil olunur. Fondun layihəsi olan “Qarabağ xanəndələri” albomu ilk dəfə YUNESKO-nun qərargahında – xoşməramlı səfirlərin illik toplantısında təqdim olunub, böyük diqqət və maraq cəlb edib.

– Beynəlxalq məsələlərdən xəbərdar bir mütəxəssis olaraq hazırda ölkəmizin yerləşdiyi coğrafiyanın geosiyasi durumunu necə xarakterizə edirsiniz?

– Sadəcə onu deyə bilrəm ki, geosiyasi durum bizim gördüyümüzdən və təsəvvür etdiyimizdən daha mürəkkəbdir. Dünyada çox maraqlı, bir çox hallarda həm də ziddiyyətli proseslər gedir. Hər dövrün öz çağırışları, öz reallıqları var. Əsas odur ki, bu gün Azərbaycan ən çətin situasiyalarda belə milli maraqlarını müdafiə etməyə qadir güclü dövlət kimi özünü təsdiq edə bilib. Cənab Prezidentin müəyyən etdiyi xarici siyasət strategiyasının bizə qazandırdığı ən mühüm nailiyyət odur ki, sözümüzə etimad var, Azərbaycana hörmətlə yanaşırlar. Bu, indiki beynəlxalq münasibətlər sistemində son dərəcə vacib amillərdən biridir. Əlbəttə ki, hər bir dövlətin özünün müəyyən maraqları, gözləntiləri var. Bu maraqlar heç də həmişə üst-üstə düşmür. Digər tərəfdən, zamanın şərtlərinə, proseslərin gedişinə uyğun olaraq dəyişə bilir. Lakin əgər sənin sözünə güvənmirlərsə, tərəfdaşların sənə etimad göstərməkdə tərəddüd edirsə bu ciddi problemlərə gətirib çıxara bilər. Necə ki, bir çox başqa ölkələrin təcrübəsində biz dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycan isə tamamilə açıq siyasət yürüdür. Çünki dünyadan gizlətməli heç nəyimiz yoxdur. Bizim siyasətimizin yeganə məqsədi odur ki, beynəlxalq münasibətlər sisteminin fəlsəfəsi ədalətə əsaslanmalıdır.

– Qarabağ məsələsi ilə bağlı proqnozlarınızı bilmək olarmı?

– Son proseslər, xüsusilə Ermənistan hakimiyyətinin atdığı addımlar göstərir ki, danışıqların uğurla nəticələnəcəyinə inam sürətlə azalır. Azərbaycan dəfələrlə bəyan edib ki, danışıqların konkret predmeti olmalıdır. Sadəcə imitasiya üçün danışıqlar aparılmamalıdır. Hesab edirəm ki, bu dünyaya, işğalçı dövlətə, onu himayə edənlərə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ciddi mesajdır. Hər kəs bu mesajdan düzgün nəticə çıxarmalıdır.

–  Azərbaycanın müasir təhsil sistemini və dünya təhsilində yerimizi necə qiymətləndirirsiniz?

– Bizim ölkəmizdə təhsil sahəsində çox böyük işlər görülüb. Heydər Əliyev Fondu bu sahədə ardıcıl layihələr həyata keçirir. Qısa müddət ərzində “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb inşa olunub, bir çox məktəblər əsaslı şəkildə təmir edilib. Cənab Prezident də Bilik günü münasibətilə müraciətində bildirdi ki, bu il 147 məktəbin inşası nəzərdə tutulurdu ki,  bunlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Azərbaycan dövləti təhsilin inkişafına xüsusi önəm verir. Lakin bu, elə bir sahədir ki, daim inkişafda olmalı, yeni dövrün reallıqlarını nəzərə almalıdır. Hesab edirəm ki, Azərbaycanın təhsil sistemi bu istiqamətdə uğurla inkişaf edir. İldən-ilə savadlı, müasir kadrların sayının artması, gənclərimizin əldə etdiyi nailiyyətlər belə düşünmək üçün əsas verir.

– Və son olaraq, millət vəkili həm xaricdəki soydaşlarımıza, həm də Azərbaycan vətəndaşlarına nəyi demək istərdi, onları necə görmək istərdi?

– Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin daim dəstəyini hiss edirlər. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, onların potensialının milli maraqlarımızın müdafiəsi işinə cəlb olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə xüsusilə son illərdə çox böyük işlər görülüb. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsi, həmvətənlərimizin dövlətimiz ətrafında sıx birləşməsi üçün çox mühüm addımlar atır. Ermənistanın iyulda dövlət sərhədində törətdiyi təxribatlar zamanı biz bunun bir daha şahidi olduq. Düşünürəm ki, harda yaşamasından asılı olmayaraq doğma Vətənin maraqlarını müdafiə etmək hər bir azərbaycanlının milli borcudur. Təqdirəlayiq haldır ki, soydaşlarımız bu borcu çox dərindən dərk edirlər və kifayət qədər yüksək fəallıq göstərirlər.