Dünyanın “1 nömrəli xəstəliyi” Azərbaycanda artıq ölümə səbəb deyil

Sağlamlıq insanın həyatdakı vacib qazancı, ömrü rövnəqləndirən ən gözəl nemətdir. Atalarımız da sağlamlığı ən böyük sərvət adlandırmışlar. İnsanın sağlamlığı öz əlindədir və xüsusən yaşa dolduqca bu barədə daha çox fikirləşməyə başlayırıq. Əlbəttə, nə qədər sağlamlığımızın qeydinə özümüz qalsaq da, bu prosesdə tibbin və həkimlərin rolu müqayisəolunmazdır.

7 aprel Ümumdünya Sağlamlıq Günü ərəfəsində ölkəmizin tanınmış ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovla həmsöhbət olduq. Onun sözlərinə görə, statistikaya əsasən, inkişaf etmiş, yüksək və orta gəlirli ölkələrdə ürək-damar xəstəlikləri ölümə və əlilliyə səbəb olmaq baxımından “bir nömrəli xəstəlik”dir. Hərəkətsiz həyat, insanların masa arxasındakı iş imkanlarının çoxalması, idmanın yerini kompüter və yüksək texnoloji vərdişlərin tutması, yürüş və gəzintilərin azalması, qida rasionundakı problemlər, qida çatışmazlığı ilə əlaqəli olaraq təbii qidalardan süni qidalara keçid ürək-damar xəstəlikləri üçün ciddi risk faktorlarıdır. Bədənimiz, genetik yaddaşımız belə qidalara alışmadığı üçün metabolizmdə olan dəyişikliklər bu xəstəliklərin daha erkən yaşda ortaya çıxmasına səbəb olur.

Ürək xəstəliklərinə qarşı mübarizədən danışan Rəşad Mahmudov dedi ki, bunda diqqət yetirilməli olan məsələlər insanları maarifləndirmək, idmana meyilliliyin artırılması, zərərli vərdişlərdən istifadə olunmaması, qida rasionunun normaya salınması və ən əsası kütləvi şəkildə istehsal edilən qidalarda duzun miqdarının nəzarət altına alınmasıdır. Onun sözlərinə görə, ölkəmizdə də ürək-damar xəstəliklərinin statistikası qənaətbəxş sayıla bilməz. Amma vaxtında tibbi müdaxilənin edilməsi ürək xəstəliklərinin insan həyatı üçün yaratdığı riskləri aradan qaldıra bilər.

Xatırladaq ki, Rəşad Mahmudov müstəqillik illərində Türkiyədə ali təhsil alan ilk azərbaycanlı tələbələrdəndir. 1997-ci ildə 9 Eylül Universitetinin Tibb fakültəsində təhsilini başa vurub. 1997-2003-cü illərdə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi Elmi Mərkəzində uzmanlıq təhsili alıb. Tibbi təhsilini təkmilləşdirdiyi 1997-2005-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyyəsi mərkəzində və İzmirdəki Kent xəstəxanasında ürək-damar cərrahı işləyib. Beləcə, tibbin bu sahəsinin incəliklərinə peşəkar səviyyədə yiyələnən Rəşad Mahmudov Azərbaycanda bütün sahələrdə yeni inkişafın yaşandığı dövrdə – 2005-ci ildə vətənə qayıdır və ixtisası üzrə fəaliyyətə başlayır.

Həmin illərdə Azərbaycanda başlanan quruculuq işləri səhiyyə ocaqlarından da yan ötmədi. Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident

İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yeni yaradılan və yenidən qurulan səhiyyə müəssisələrində ən mürəkkəb açıq ürək əməliyyatlarının aparılmasına da başlanıldı ki, bu işdə Rəşad Mahmudov kimi həkimlərin əməyi böyükdür. Bu barədə danışan həmsöhbətim dedi:

– 15 il əvvəl təsəvvür edə bilməzdik ki, cəmi bir neçə ildə Azərbaycanda ən modern tibb infrastrukturu formalaşacaq. 2005-ci ilə kimi rayondakı vətəndaş dializ olmaq üçün hökmən Bakıya gəlməli idi. Amma indi bütün rayonlarda böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşın dializ olunmaq imkanı var. Əlbəttə, görülən işlər çoxdur. Talassemiyalı, hemofiliyalı, onkoloji və digər xəstəliklərin müalicəsinin təşkili istiqamətində görülən işlər ölkəmizdə ümumilikdə səhiyyənin inkişaf göstəriciləridir.

Onu da qeyd edək ki, Rəşad Mahmudov ölkəyə qayıtdığı vaxtdan Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun keçirdiyi aksiyalarda yaxından iştirak edir. Onun sözlərinə görə, fondun səhiyyə sahəsində gördüyü işlər əvəzedilməzdir. Fondun təşkilatçılığı ilə şəhər və rayonlarda xüsusən ürək qüsurlu xəstələrin müayinəsi aparılır və lazım gəldikdə ürək əməliyyatları keçirilir. Rəşad Mahmudovun fikrincə, bu aksiyada məqsəd sadəcə ürək əməliyyatlarının aparılması və insanların ömrünün uzadılması deyil. Bu, həm də səhiyyənin yeni inkişaf mərhələsində ölkə tibbinin və Azərbaycan həkiminin özünəinamının göstəricisidir. Bu, vətəndaşımızın milli səhiyyəmizə olan etibarının göstəricisidir. Ən əsası isə,

İlham Əliyevin ölkədə başlatdığı inkişaf siyasətinin real nəticəsi və nümayişidir.

İndiyədək Heydər Əliyev Fondunun təşəbbüsü sayəsində təkcə ürək-damar xəstəlikləri ilə bağlı ölkədə 40-a yaxın bu cür aksiyalar təşkil olunub, mindən çox açıq ürək əməliyyatı, o cümlədən 800-ə yaxın vətəndaşda stendləmə prosedurları keçirilib. On mindən çox insan müxtəlif kardioloji müayinələrə cəlb edilib. Rəşad Mahmudov eyni zamanda regionlarda ürək xəstəlikləri üzrə ixtisaslaşmış həkimlərlə birgə elmi konfranslar təşkil edərək, onların bilik və təcrübəsinin artırılmasına töhfələr verib. Bu tədbirlərdən biri də 2008-ci ildə Cəlilabadda ilk teletibb üzrə innovativ texnologiyanın tətbiq edildiyi (əməliyyat otağından canlı yayım formasında) regional konfrans olmuşdur.

2016-cı ilin Aprel döyüşlərindən sonra Rəşad Mahmudovun rəhbərliyi ilə həkimlər komandası Füzuli rayonunun Böyük Bəhmənli kəndində dövlət xəstəxanasında “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında anadangəlmə ürək qüsurlu 10-a yaxın körpənin üzərində əməliyyat apararaq onlara yeni həyat bəxş edib. Bu aksiya ilə isbat olundu ki, artıq Azərbaycanda ürək qüsurları ilə bağlı əməliyyatları ən yüksək standartlara uyğun şəkildə kənd şəraitində belə etmək mümkündür.

Rəşad Mahmudov Mərkəzi Neftçilər Xəstəxanasındakı Ürək və Damar Xəstəlikləri Mərkəzinə və Respublika Müalicə-Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinə rəhbərlik edib. Hazırda isə Gömrük Hospitalında onun təşəbbüsü ilə yaradılan Elmi-Təcrübi və Tədris Mərkəzinə başçılıq edir. 2005-ci ildən indiyədək bu tibb ocaqlarında on mindən çox açıq ürək əməliyyatı keçirilib. Bütün bunların 1500-dən çoxu və əsasən də anadangəlmə mürəkkəb ürək qüsurlu xəstələrin əməliyyatı Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib. Son 5 ayda isə Rəşad Mahmudov Heydər Əliyev Fondunun xətti ilə 40-a yaxın yeni doğulmuş ürək qüsurlu körpəni əməliyyat edib. Bildirdiyinə görə, bunlar elə ürək qüsurlarıdır ki, yeni doğulan körpələr təcili əməliyyat edilməsəydilər, yaşamaq şansları olmayacaqdı.

Söhbət zamanı Rəşad Mahmudov rəhbərlik etdiyi mərkəzlə də bağlı ətraflı danışdı:

– Mərkəzin əsas məqsədi həkimlərin biliklərinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərində onların yaxından iştirakının təmin edilməsi, elmi layihələrin, proqramların, praktik tədbirlərin, davamlı tibbi təhsil üzrə simpoziumların, milli və beynəlxalq konfransların təşkil olunmasıdır. Dünyada davamlı tibb təhsili adlanan təhsil prosesi var. Bu təhsil prosesində həkimlər davamlı olaraq il ərzində akademik biliklərini təkmilləşdirir və gündəlik fəaliyyətlərində həmin bilik və bacarıqlarından istifadə edirlər. Yəni həkim sadəcə 6 illik ali məktəblə və 5 illik rezidentura ilə təhsilini bitirməklə kifayətlənmir və daim öz peşəkarlığını artırır. Fəxrlə deyə bilərəm ki, indiyə qədər qurucusu olduğum və rəhbərlik etdiyim hər üç mərkəzdə 10-a yaxın həkimin ürək cərrahiyyəsi ixtisasına yiyələnməsində və ən mürəkkəb ürək əməliyyatlarını həyata keçirə bilən bir mütəxəssis kimi formalaşmasında həsr etdiyim əməyimin nəticəsini görmüşəm. Onlar respublikamızım tibb müəssisələrində şərəflə və layiqincə əhalimizin sağlamlığının qorunmasına öz töhfələrini verirlər. Bundan başqa, ürək cərrahiyyəsi ilə məşğul olan reanimatoloqların, kardioloqların, xüsusi və orta tibb personalının hazırlanması işində də çox ciddi nailiyyətlərimiz var. Xəstənin müalicəsi əməliyyatdan sonra da davam edən uzun prosesdir. Beləliklə, 10-15 il ərzində rəhbərlik etdiyim mərkəzlərdə ürək cərrahiyyəsi üzrə beynəlxalq standartlara uyğun xidməti təşkil edə bilən və xidmət prosesinin hər bir mərhələsində öz işinin öhdəsindən peşəkarlıqla gələn ümumi sayı 130 nəfərdən artıq həkim heyəti və orta tibb personalı formalaşdırmışıq. Həkimlik sənətində öyrənməklə bağlı son nöqtə yoxdur. İndiyədək 3 min nəfərə şuntlama əməliyyatı etmişəm. Amma bir-birinə bənzər iki xəstə görməmişəm. Ona görə hər bir əməliyyat bizə nəsə öyrədir. Bu cür mərkəzləri yaratmaqda məqsədimiz həm öyrənmək, həm də öyrətməkdir.

Rəşad Mahmudov ilk elmi işini Türkiyədə müdafiə etsə də, 2006-cı ildə Azərbaycanda xaricdə tibb təhsili almış ilk məzun kimi tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2014-cü ildən isə tibb elmləri doktorudur. Prezident İlham Əliyevin sərəncamları ilə 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub, 2014-cü ildə isə “Əməkdar həkim” fəxri adına layiq görülüb. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub. “Bütün bunlar dövlətimizin əməyimə verdiyi yüksək qiymətlə yanaşı, həm də məsuliyyət deməkdir. Bu məsuliyyəti öz işimlə hər zaman doğrultmağa çalışıram” deyir Rəşad Mahmudov.

Rəşad Mahmudov həmçinin “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyinin təsisçisi və sədridir. Onun rəhbərliyi altında assosiasiya Azərbaycanda ürək xəstəliklərinin profilaktikası və əhalinin bu sahədə tibbi maarifləndirilməsi ilə bağlı layihələr həyata keçirir. Həmçinin assosiasiyanın təşəbbüsü ilə milli və beynəlxalq konfranslar, simpoziumlar təşkil olunur. 2014-cü il noyabr ayında Dünya Uşaq Gününə həsr olunmuş və 50 ölkədən dəvət olunmuş tanınmış 100-dən artıq ürək cərrahının iştirak etdiyi “Uşaq ürəkləri Azərbaycanda döyünür” şüarı aıtında assosiasiya tərəfindən keçirilən beynəlxalq konfrans ölkəmizin səhiyyəsinə böyük töhfə olmuşdur. 1997-ci ildən indiyədək 60-dan çox beynəlxalq elmi konfransda iştirak edən və respublikamızda 40-dan çox milli və beynəlxalq elmi konfransın təşkilatçısı olan Rəşad Mahmudov eyni zamanda İtaliya və Turkiyədə çap edilmiş ürək-damar xəstəliklərinə həsr olunmuş iki kitabın həmmüəllifidir.

Rəşad Mahmudov söhbətimizin yekununda bildirdi ki, hazırda Azərbaycanda ürək-damar xəstəliklərinin müalicəsində ən yüksək standartlar tətbiq olunur, lakin hələlik müalicə işində kütləviliyə nail ola bilməmişik: “İnanıram ki, səhiyyənin dayanıqlı inkişafını və səhiyyə xidmətindən hər bir vətəndaşın faydalanmasını təmin edəcək icbari sığortanın tətbiqi bu sahədə dönüş yaradacaq. İndiyədək aparılan uğurlu səhiyyə islahatları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək və əhalimizin sağlamlığının qorunmasını layiqincə təmin edəcəkdir. Bütövlükdə isə Azərbaycan səhiyyəçiləri Prezident İlham Əliyevin humanizm ideyaları altında bundan sonra da sıx birləşərək qarşılarında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkə səhiyyəsini hər bir vətəndaşın nəzərində və dünyada qəbul olunan bir səviyyəyə yüksəldəcəklər”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.