“Düşmənlə mübarizədə milli birlik nümayiş etdirilməsi vacib şərtdir”

Pandemiya əksər ölkənin iqtisadiyyatını çökdürüb. Bir çox ölkələrdə iqtisadi fəallıq iflic olub, sosial layihələr isə tamamilə dayandırılıb. Ölkəmizdə isə düşünülmüş, qabaqlayıcı tədbirlər nəticəsində nəzərdə tutulmuş bütün sosial layihələr icra olunmaqdadır.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat 2020-ci ildə məcburi köçkünlər üçün rekord sayda – yəni 7000-dən çox ev tikiləcəyini, 400-dən artıq hərbi qulluqçunun dövlət tərəfindən pulsuz mənzillə təmin olunacağını bildirib:

“Şəhid ailələri və Qarabağ əlillərinə 1500 mənzil və fərdi ev veriləcək. Onlardan 534-ü artıq təhvil verilib, qalanları isə ilin sonuna qədər təqdim olunacaq. Bu günə qədər şəhid və Qarabağ əlilləri üçün 8142 mənzil və fərdi ev tikilib. Eyni zamanda bu kateqoriyadan olan insanlara son iki ildə 1000-dən yuxarı avtomobil verilib və bu ilin sonuna qədər 400 avtomobilin də verilməsi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, dövlət hər zaman öz vətəndaşına və onun sosial qayğılarına həssaslıqla yanaşır”.

Millət vəkili qeyd edib ki, karantin rejiminə görə gəlirini itirmiş qeyri-formal işləyən 600 min şəxsə 2 ay birdəfəlik 190 manat, daha sonra isə sərt karantin rejimi saxlanılan bölgələrə həmin vəsait ödənildi: “Hazırda 13 şəhər və rayon sakinlərinə avqust ayında da birdəfəlik 190 manat yardımın verilməsi nəzərdə tutulur. İqtisadiyyatın canlanması üçün hökumət tərəfindən sahibkarlara dəstək göstərilir. Qeyri-neft sahəsinin, ələlxüsus aqrar sektorun inkişafına, əhalinin içməli və texniki sulara olan tələbatının ödənilməsinə, suvarma sistemlərinin inkişafına xüsusi diqqət göstərilir”.

Nəsib Məhəməliyev əlavə edib ki, Azərbaycan ordusunun daha da güclənməsinə, təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə ciddi fikir verilir: “Ölkə başçısının gündəlik fəaliyyətinin əsasını, Azərbaycan xalqının rifahı, təhlükəsizliyi və hərtərəfli inkişafı təşkil edir. İndiki həssas dövürdə və mənfur düşmənlə mübarizədə milli birlik nümayiş etdirilməsi, ictimai-siyasi sabitliyin qorunması vacib şərtdir”