Düşmən həddini aşıb – Ekspert

“Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı bu qədər səbr nümayiş etdirməməlidir”.
XALQ.AZ xəbər verir ki, bunu Ermənistan hərbi hava qüvvələrinin Azərbaycan ordusunun aviasiya vasitələrinə hücumuna münasibət bildirərkən tanınmış hərbi ekspert Üzeyir Cəfərov söyləyib. O bildirib ki, belə bir hücumun planlaşdırılması düşmənin həddini aşması deməkdir:
“Onların hücumun dəf edilməsi, istədiklərinə çatmamaqları bizi sakitləşdirməməlidir. Azərbaycan müdafiə naziri Baş Qərargah rəisi ilə birlikdə düşməni sərt şəkildə cəzalandırmaq haqqında müzakirə aparmalıdır.
Cəbhə xəttində gərginliyin olması ATƏT-in Minsk qrupuna sərf edir. Bu zaman onlar üçün uzun müddət fəaliyyət yaranır, meydan formalaşır ki, onlar boş çıxışları ilə bizə müdaxilə etsinlər. Sonuncu şəhid olan hərbi qulluqçularımızın məlumatı ATƏT tərəfindən çox sakit qarşılandı. Mən məəttəl qalıram ki, biz nəyə görə nəticə vermədiyi, şəhidlərimiz gündən-günə artdığı hallda danışıqlar prosesinin davam etdirilməsinə razılıq veririk?
ATƏT-in üçlüyü Ermənistanı qızışdırır, Azərbaycanınm üzərinə qaldırır. Bir müddət əvvəl Anjey Kaspşikin Nikol Paşinyanla görüşü adi görüş deyildi. O, Azərbaycan tərəfində bildirməli idi ki, cəbhədə baş verən son hadisələrlə bağlı Paşinyana narazılığını, narahatlığını çatdırıb. Halbuki, Anjej Kaspşikin erməni rəhbərliyi ilə görüşünü Ermənistan mətbuatında eşidirik. İstisna etmirəm ki, amerikalı həmsədr Ermənistana öz tapşırıqlarını verib. Yaxın günlərdə cəbhədə qan su yerinə axa bilər. Düşmən bizim öz ərazimizdən nəzarətimizdə olan torpaqlara atəş açır. Bu artıq fövqəladə hadisədir”.
Qeyd edək ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Yeganə