Əhalinin banka kredit borcu artıb
Azərbaycanda banklar tərəfindən verilən kreditlərin yarıdan çoxu ev təsərrüfatlarına ayrılıb.
XALQ.AZ Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda bankların verdiyi kreditlərə görə yaranan borcun məbləği 27 milyard 478 milyon manata yüksəlib.
Bu qədər borcun 16 milyard 358,5 milyon manatı (vaxtı keçmiş kreditlər nəzərə alınmadan – red.) ev təsərrüfatlarının borcudur. Ev təsərrüfatlarının borcu bankların alacağı bütün kredit borcunun 60 faizini təşkil edib. Ev təsərrüfatlarının bir il ərzində kredit borcu 2,84 milyard manatdan, yəni 21 faizdən çox artıb. 2023-cü ilin sonunda ev təsərrüfatlarının kredit borcu 13,5 milyard manat idi.
Son 4 ildə isə əhalinin kredit borcu 2,52 dəfə artıb. 2021-ci ilin əvvəlində ev təsərrüfatlarının banklara 6,47 milyard manat borcu var idi. Ötən 4 ildə əhali banklar qarşısında daha 9,9 milyard manat borclanıb.
Dörd il əvvəl banklara olan borcların 46 faizi əhaliyə məxsus idi.