“Elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin”

afet hesenova main 110820

Azərbaycanda koronavirusa qarşı mübarizədə uğurlu nəticələrin əldə edilməsində və bu mübarizənin səmərəliliyinin artırılmasında yeni yaradılan modul tipli xəstəxanaların böyük rolu və əhəmiyyəti var.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev zamanında doğru qərar qəbul edərək ölkəmizdə tez bir zamanda modul tipli xəstəxanaların tikilməsinə göstəriş verdi:

“O zaman bəzən belə fikirlər səslənirdi ki, virus artıq azalır və modul tipli xəstəxanaların tikintisinə gərək yoxdur. Ancaq sonradan bütün dünyada olduğu kimi, Azərbaycanda da virus yenidən artmağa başlayanda modul tipli xəstəxanaların rolu və əhəmiyyəti əvəzsiz oldu və xeyli sayda xəstə məhz bu xəstəxanalarda müalicə olunaraq öz sağlamlıqlarına qovuşdu.

Təsəvvür edin, modul tipli xəstəxanalar zamanında tikilməsəydi, koronavirus xəstələrinin yerləşdirilməsində nə qədər çətinliklərlə üzləşə bilərdik. Bildiyiniz kimi, Azərbaycanda bir çox dövlət xəstəxnaları koronavirusla mübarizəyə ayrılmışdı ki, bu da eyni zamanda cari müalicəyə ehtiyacı olan insanların vaxtında tibbi xidmət almasına problemlər yaradırdı. Lakin modul tipli xəstəxanaların istifadəyə verilməsi bu problemin qarşısını almış oldu. Belə ki, koronaviruslu xəstələr modul tipli xəstəxanalara yerləşdirilməklə digər xəstəxanaların da normal fəaliyyət göstərməsinə şərait yaradıldı.

Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bu xəstəxanalarda çarpayı fondu 3200-ə bərabər olacaq ki, bu da ciddi bir rəqəmdir və ölkəmizin kritik ssenarilərə hazırlığını göstərir”.

Deputat bildirib ki, modul tipli xəstəxanalar təkcə pandemiya dövrü üçün deyil, eyni zamanda post-pandemiya dövründə də səhiyyə sisteminin gücləndirilməsinə şərait yaradacaq.

A.Həsənova, həmçinin insanlarımızı diqqətli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərərgahın qoyduğu qaydalara riayət etməyə çağırıb:

“Son günlərin statistikası, yəni yoluxmaların sayında azalma, sağalanların sayında isə artım ümidvericidir, lakin bu nəticələri uğurlu sonluğa çatdırmaq üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Məlum olduğu kimi, son günlərdə sərt karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlar verilib. Lakin biz elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin. Bunun üçün biz sadə qaydalara əməl etməliyik. Hesab edirəm ki, tibbi maska taxmaq, sosial məsafəni və gigiyeniyamızı qorumaq kimi sadə qaydalara riayət etməklə biz bu bəladan daha tez və daha az itkisiz qurtula bilərik”.

Deputat, həmçinin pandemiya dövründə təhsil məsələsinə də toxunub: “Bu gün cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biri də yeni tədris ilində dərslərin başlayıb-başlamayacağı məsələsidir. Məlumdur ki, cəmiyyətdə ən çox kütləvilik təhsildə müşahidə olunur. Yəni orta məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin fəaliyyətə başlaması hər gün iki milyona qədər və hətta daha çox insanın evdən çıxması və qapalı məkanlarda kütləvi toplaşması deməkdir ki, bu da virusun sürətlə yayılması üçün münbit şərait yaradır. Bu baxımdan, hesab edirəm ki, tədris prosesinin təşkili ilə bağlı mövcud vəziyyətə uyğun çox diqqətli yanaşma ortaya qoyulmalıdır”.

A.Həsənova metronun açılması məsələsinə də toxunub: “Əlbəttə, metro insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən biridir. Normal günlərdə metro ilə gündəlik daşınan sərnişinlərin sayı 600 minə çatırdı. Ekspertlərin rəyinə əsasən, metronun qapalı məkan olması və eyni zamanda, mərkəzləşdirilmiş havalandırma sisteminin fəaliyyət göstərməsi virusun yayılması üçün əlverişli şərait yaradır. Təsəvvür edin ki, gündə 600 min insan eyni qapalı məkandan istifadə edir və ora virus daşıyıcısı olan insanlar da daxil olur. Bunun nəticələrini təxmin etmək o qədər də çətin deyil. Düşünürəm ki, vaxtında metro bağlanmasaydı, yoluxmaların sayında bugünkü azalmaya nail olmaq mümkün olmazdı. Bu baxımdan, metronun bağlı olmasına anlayışla yanaşmalıyıq çünki təhlükə bitməyənə qədər metronun açılması bizi yenidən çətin duruma sala bilər”.

Deputat qeyd edib ki, post-pandemiya dövründə də hələ uzun müddət gigiyena və sosial məsafə qaydalarına riayət etmək və tibbi maska taxmaq məqsədəuyğundur: “Nəzərə almalıyıq ki, bu virus hələ uzun müddət bizimlə olacaq, yəni biz bu virusla birgə yaşamağa məcburuq. Lakin qaydalara əməl etsək, virus bizim həyatımıza o qədər də təsir etməyəcək, sərt karantin şəraitində yaşamaq məcburiyyətində qalmayacağıq”.