Eldar İbrahimov: “Bu məsələdə susmaq olmaz”

“Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”. XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib.

E.İbrahimov deyib ki, cəmiyyətin hər bir üzvü belə insanların cavabını verməlidir: “Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz. Bizə görüşlər zamanı deyirlər ki, niyə onlara cavab vermirsiniz? Onlara hər kəs cavab verməlidir, heç kim susmamalıdır. Bəyənmirsənsə, xoşuna gəlmirsə, tənqid et, irad bildir, amma sən nə haqla ölkəni, millətini, dövləti təhqir, biabır edirsən? Sənə kim bu haqqı verib? Ölkəyə, millətə də qarşı müxalifətçilik, düşmənçilik olarmı? Belələrinə ar olsun deyirəm”.

Elgün