Eldar Quliyev seçkidəki zərif rəqibinə qarşı kobud piar kampanyası aparır

9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərinə qatılan şəxslər arasında jurnalistlərin çoxluğu diqqəti çəkir.

Orta statistik Azərbaycan vətəndaşına, sıravi seçiciyə elə gələ bilər ki, deputatlığa namizəd olan jurnalist üçün təbliğat kampaniyası aparmaq sarıdan işi həmkarlarından informasiya dəstəyi alacağına görə asan olacaq. Amma heç də məsələ təxmin olunduğu kimi deyil. Bəzi namizəd jurnalistlər qeyri vaxt onlara müsahibə verməyə belə vaxt ayırmayan məmurlarla, oliqarxlarla eyni dairədə rəqib düşüblər. Və həmin nüfuzlu rəqib səxavət kisəsinin ağzını geniş açıb başqa başqa jurnalistləri alternativinin üstünə qaldırıb, əleyhinə yazılar dərc etdirir. 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizədlər – sovet dövrünün rudiment qalığı olan “Azərttifaq”ın rəhbəri, açıq diplom bazarına çevrilmiş Kooperasiya Universitetinin sahibi, Nobel istisna olmaqla çoxsaylı “əldəqayırma” beynəlxalq titullar əldə etmiş alim, nəhayət, “özünü buraxmış” eks-deputat Eldar Quliyevlə tanınmış xanım yazar Aygün Sülemanlının qarşıdurması artıq bir DSK-nın ərazi hüdudlarını aşıb, uzaqdan görünməyə başlayıb.<

Kasıbın nəyi var, üzdədir, süfrəsindədir. Aygün Süleymanlı KİV-ə verdiyi müsahibələrdə açıq şəkildə öz adı ilə çıxışlar edir, Eldar Quliyevi debata çağırmaqdan belə çəkinmir. Çünki bilir ki, deməyə sözü, verməyə sualı, rəqibini mat qoymağa arqumenti çoxdur. Fərqli olaraq, Eldar Quliyev belə bir debata çıxmalı olsa, uduzmağa məhkumdur. Ən azı bu suala cavab verməli oplacaq: İndiyədək deputat olanda xalqa, millətə nə yaxşılıq etdiniz ki, növbəti dəfə seçiləndən sonra nə edəsiniz? Və yaxud, yenidən deputat olmaq istəyəcəkdinizsə, daha niyə parlamentin buraxılması təşəbbüsünü dəstəkləyirdiniz?

Bəli, Eldar Quliyevin cavab verə bilməyəcəyi suallar çoxdur. Onu görə də “qul-beçələrini” qabağa verib. İnzibati resursların da onun nəfinə çalışdıqları müşahidə olunur. Aygün Süleymanlının əleyhinə apartdırdığı “qara piar” kampaniyası çərçivəsində öz adını çəkdirmədən yazdırdığı məqalələrdə irəli sürülən əsas arqument isə budur ki, bəs Aygün Süleymanlı Maştağaya gəlmədir, Bakı kəndliləri parlamentdə “yad adamla” deyil, məhz öz həmkəndliləri ilə təmsil olunmaq istəyirlər.

Gəlin razılaşaq ki, belə gülünc, primitiv arqumentlərlə çıxış etmək elə Bakı kəndlisini təhqir etmək deməkdir. Axı Bakı kəndliləri Afrikanın cəngəlliyindəki hansısa buşmenlərin, qottentotların qəbiləsinin üzvləri deyil, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən, turistlərin marağını cəlb edən böyük bir meqapolis hesab olunan paytaxt şəhərinin modern inkişaf etmiş qəsəbələrinin sakinləridir. Bakı kəndlisi siyasi cəhətdən kifayət qədər yetkindir, fəal vətəndaş mövqeyinə malikdir, yaxşı bilir ki, ölkə abad, xalq firavan olmasa, bir ovuc kənd sakinləri bəxtəvər yaşaya bilməz. Ona görə də, Milli Məclisimizin məhz bütün ölkənin, xalqın, millətin mənafeyinə xidmət edən həqiqi millət vəkillərindən formalaşmasını istəyir.

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayandan Aygün Sülemanlının əleyhinə yazılan məqalələrdə diqqəti çəkən əsas məqam budur ki, bəs jurnalist namizəd dairə üzrə ən nüfuzlu alternativinin əleyhinə “filan” qeyri-məqbul sözü işlətdi. Aydın məsələdir ki, “ən nüfuzlu rəqib namizəd” dedikdə daşın altında məhz kimin yatdığını hamı başa düşür.

Sıravi oxucu bu yazını sadəcə həmkar həmrəyliyinin nümayişi kimi başa düşə bilər. Amma bu sətirlərin müəllifinin nə Aygün Süleymanlıya simpatiyası, nə də Eldar Quliyevə antipatiyası var. Sadə bir el məsələi var: Gərək yüz dəfə imamı ağlayanda bir dəfə də yezidi ağlayasan. Nə olsun ki, Aygün xanımın pulu yoxdur. Bəyəm Eldar Quliyevin Maştağa və digər Bakıətrafı qəsəbələrdə gördüyü və tez-tez “gözə soxduğu” xeyirxah işlərin mənbəyi halal qazancdı ki?