Elman Nəsirovun koronavirusla bağlı məqaləsi İordaniya mətbuatında

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Koronavirus pandemiyasının doğurduğu sosial-iqtisadi problemlərin həlli yolları: Azərbaycan təcrübəsi” adlı məqaləsi İordaniyanın “Cuheynə Nyus”, “Əl-Ənbat Nyus”, “Röya Nyus”, “Nəbz”, “Ammon Nyus”, “Nisan Nyus”, “Əl-Vaqai” saytlarında, o cümlədən Ərəb Dövlətləri Liqasının nüfuzlu “Nabd” və ərəb dünyasının iqtisadi məsələlərin müzakirə olunduğu populyar “Haştaq Arabi” portallarında dərc olunub. Koronovirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təcrübəsinə həsr olunmuş məqalə Misirin “Events Maqazin Nyus”, “Şababan Nil” və “Əl-Vəilə” elektron kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb.

Koronavirus pandemiyasının dünyada yaratdığı çətinliklərdən bəhs edən məqalədə Azərbaycanın təcrübəsindən bəhs olunur. Bildirilir ki, pandemiyanın dinamikası hələlik yüksələn xətt üzrə inkişaf edir və ölkələr buna qarşı müqavimət göstərirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu qlobal təhlükə mənbəyinə qarşı preventiv, profilaktik, ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu tədbirlər mütəmadi olaraq sərtləşdirilir. Nəticələr bir çox dövlətlərlə, xüsusilə də region ölkələri ilə müqayisədə ölkəmizdə daha yaxşıdır. Qabaqlayıcı addımlar, habelə insanlar arasında həmrəylik və birlik məlum nəticənin əldə edilməsində xüsusi rol oynayıb.

Məqalədə vurğulanır ki, Azərbaycanda koronavirus pandemiyasının təsiri altında formalaşmış xüsusi karantin rejimi əhalimizin təhlükəsizliyinin qorunmasına xidmət etsə də, yeni şəraitdə labüd olaraq insanlar üçün müəyyən mürəkkəb sosial-iqtisadi problemlərin yaranması da qaçılmaz olur. Təbii olaraq, insanların gəlirləri azalır, məşğulluq problemləri daha qabarıq üzə çıxır, kiçik və orta sahibkarlığa dəstək məsələləri yeni məzmun kəsb edir, vergi, istehlak və ipoteka kreditlərinin ödənilməsi ilə bağlı çətinliklər meydana gəlir. Yeni şəraitdə yaranmış bu və digər problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin martın 19-da imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncama əsasən dörd işçi qrup yaradılıb. Nazirlər Kabineti Sərəncamda əksini tapan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar aprelin 4-də Tədbirlər Planı təsdiqləyib.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabinetinə 1 milyard manat ayrılsa da, aprelin 6-da dövlətimizin başçısı bəyan etdi ki, yeni şəraitdə büdcədən 2,5 milyard manat vəsaitin ayrılması hesabına sosial-iqtisadi problemlərin həllinə nail ola bilərik.

Sonda müəllif əminliklə qeyd edir ki, Azərbaycanın iqtisadi gücü, yüksək idarəçilik məharəti, xalq-hakimiyyət birliyi, vətəndaş həmrəyliyi və möhkəmlənməsinə ciddi ehtiyacın olduğu hər bir fərdin məsuliyyəti hesabına dünyanı əsarətinə almış koronavirus pandemiyası ilə mübarizədən şərəflə çıxacağıq.

XALQ.AZ