Elmar Məmmədyarov: “Ermənistanın inkişafı mümkün deyil”

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hətta əvvəlki rəhbərliklə (Ermənistanın – red.) danışıqlarda belə, yaxşı irəliləyiş əldə olunub. Amma indi onların yeni hökuməti var və bəlkə də vəziyyətin öyrənilməsi üçün bir az daha çox vaxta ehtiyacları var”.

 

XALQ.AZ  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Euractiv” nəşrinə müsahibəsində deyib.

Nazir mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıb: “Ümid edirəm ki, Ermənistan mehriban qonşuluq münasibətləri qurmadan ölkənin inkişaf edə bilməyəcəyini anlayır. Bu, çox aydındır. Bunun üçün qaçqın və məcburi köçkünlərin evlərinə qayıda bilməsini təmin etmək məqsədi ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsi lazımdır.

“Şərq Tərəfdaşlığı” ölkələrinin bəziləri müstəqil xarici siyasət yürüdür və bərabərhüquqlu strateji razılaşmalara ümid edir. Əlbəttə, Azərbaycan da onların sırasındadır.

O vurğulayıb ki, bu ölkələri Avropa İttifaqı ilə ümumi dəyərlər birləşdirir.

“Bütün bu ölkələr (“Şərq Tərəfdaşlığı” proqramının iştirakçıları – red.) özlərini Avropanın bir hissəsi hesab etdiklərindən Avropa İttifaqı ilə əlaqələr qurmaq istəyir. Onların hər biri bu məsələyə fərqli yanaşır. Onların bəziləri digər bloklara, məsələn, KTMT və Avrasiya İqtisadi Birliyinə daxildir, bəzi ölkələr isə müstəqil xarici siyasətini yürüdür”, – o bildirib.

Xatırladaq ki, bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.

 

 

Orxan