Nazir “XOCALI SOYQIRIMI” ilə bağlı beynəlxalq konfransda

Elmar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxış edib

XALQ.AZ Xarici İşlər Nazirliyinə (XİN) istinadən E.Məmmədyarovun çıxışını təqdim edir:
– İlk öncə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yasevi Universitetinə öz təşəkkürümü bildirmək istərdim.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Onların 150-sinin taleyi indiyədək məlum deyildir. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.
Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmamışdır. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.
Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmışdır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,Slaveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu ilin yanvar ayında Malidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər İttifaqının 12-ci sessiyasında qəbul olunmuş xüsusi qətnamə “Xocalıya Ədalət” kampaniyasına tam dəstək verərək Xocalı faciəsini soyqırım kimi tanımış və təşkilatın 54 üzv dövlətinə erməni canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı çağırış etmişdir.
Təəssüflər olsun ki, ermənilər uzun illərdir ki, tarixi saxtalaşdıraraq, uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda “erməni soyqırımı” kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları iç üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmamışlar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar.
Fürsətdən istifadə edib, Türk Şurası çərçivəsində fəaliyyət göstərən üzv ölkələrin diaspor təşkilatlarının türk dünyasına qarşı yönəlmiş erməni propaqandasına qarşı birgə fəaliyyət göstərmələrini tövsiyə etmək istərdim.
Hörmətli konfrans iştirakçıları, Ermənistan – Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir. Əfsuslar olsun ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində pozulmuşdur. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulmuşdur. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələrin heç biri bu günədək icra edilməmişdir. Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq. Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi həm ədalətsizliyə son qoyacaq, həm də regional sülhə və təhlükəsizliyə töhfə verəcəkdir.
Qeyd etmək istərdim ki, biz yaşadığımız bölgədə sülh, sabitlik, əmin-amanlığın təmin edilməsi üçün daim səylər göstəririk. Ölkəmiz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir və öz töhfələrini əsirgəmir. Təəssüflər olsun ki, son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri bizi ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik. Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir.
Əfsuslar olsun ki, son zamanlar islam dini beynəlxalq aləmdə bəzi insanlar, o cümlədən natiqlər, siyasətçilər tərəfindən terrora xidmət edən din kimi qələmə verilməkdədir. Acınacaqlı haldır ki, bir çox ölkələrdə islam dininin daşıyıcısı olan insanlara qarşı münasibətdə radikal hərəkətlər həyata keçirilir, müsəlmanların hüquqları tapdalanır, onların terrorun potensial daşıyıcıları olduğu kimi xoşagəlməz fikirlər səsləndirilir. Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir. Xalqımız bu xüsusiyyətləri daşıyır, mehriban şəkildə hər bir dinin nümayəndələri ilə, milli azlıqlarla bərabər yaşayır. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssalıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı il “Azərbaycanda multikulturalizm ili” elan edilmiş, ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edərək, Azərbaycanda bu istiqamətdə mövcud proseslərə canlı şahid olmuş, bununla bağlı öz fikirlərini ifadə etmişlər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman xüsusi önəm vermiş və coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq islam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq etmişdir. Bu səylərin davamı olaraq, Bakıda 2017-ci ilin may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir.
Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın əsas istəyi regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, firavan və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, ölkələrinin ərazi bütövlüyünə, xalqlarının firavan gələcəyinə və beynəlxalq hüququn aliliyinə xidmət edən hər bir kəs Azərbaycanın haqlı mövqeyinin yanında olacaqdır!