Elnur Allahverdiyev GUAM PA nümayəndə heyətinə rəhbər təyin olundu

Milli Məclisdə fəaliyyət sahələrimdən biri də GUAM Parlament Assambleyası (PA) çərçivəsində olacaq. Bu qurumdakı nümayəndə heyətimizə rəhbərlik edəcəyəm. Bildiyiniz kimi, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır.1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir. GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev bildirib.

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik! Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm!”-deyə, o, sonra bildirib.

Qeyd edək ki, Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinə uzun illər millət vəkili Azər Kərimli rəhbərlik edib.

Bu dəfə isə onu E. Allahverdiyev əvəzləyib.