Elnur Allahverdiyev seçicilələrlə görüşdü

Milli Məclisin deputatı Elnur Allhaverdiyev seçicilərlə növbəti görüş keçirib.

XALQ.AZ xəbər verir ki,millət vəkili bu haqda facebook səhifəsində bildirib.

Elnur Allahverdiyev qeyd edib ki, sakinləri maraqlandıran və təbii ki, həm də narahat edən problemlər müxtəlif məzmunludur: məsələn, 4 mənzildən ibarət məhəllə söküntü ərazisində yerləşir. Ətrafdakı evlər sökülüb, həmin 4 mənzil qalıb. Bu qeyri-müəyyənlik sakinləri narahat etməyə bilməz. Kimsə təmir etmək niyyətindədir, ancaq bilmir – evlər söküləcək, ya yox. Digəri ümumiyyətlə, kiçik yaşayış sahəsinə malikdir və evlərin söküləcəyi tədqirdə hansı miqdarda kompensasiya ala biləcəyi ilə maraqlanır. Təbii ki, biz bu seçicilərimizin qaldırdığı məsələ barədə ətraflı informasiya toplamağa çalışacağıq. Ancaq problem ondan ibarətdir ki, söküntü ərazilərinin hamısı dövlət layihələrinə düşmür. Tikinti sferasında çalışan özəl şirkətlər bu ərazilərdə yaşayan sakinlərlə danışmalı, razılıq əldə olunduğu halda Bakı şəhərinin Baş planına uyğun, şəhərsalma standartlarına riayət etməklə layihələrini həyata keçirməlidirlər. Bu da bir reallıqdır ki, pandemiyanın neqativ təsirləri səbəbindən özəl sektorun dirçəlməsi müəyyən vaxt aparacaq. Seçicilərimizin istəklərindən məşğulluq, qeydiyyat və təhsil problemlərini qeyd etmək olar. Ancaq mən Zivərbəy Əhmədbəyov 12 ünvanında yaşayan bir qrup sakinimizin qaldırdıqları problemə xüsusilə toxunmaq istəyirəm. 29 mənzildən ibarət və məntiqlə, o qədər də ailənin məskunlaşdığı bu binanın vəziyyəti olduqca acınacaqlıdır. Sakinlər aşkar təhlükəli şəraitdə yaşayırlar. İki əsrlik tarixi olan bina gözlər önündə dağılır. Pilləkənlər, keçidlər bir çox hallarda taxta dirəklər hesabına dayanıblar, sakinlərin həyatı istənilən anda mümkün bədbəxt hadisədən sığortalanmayıb. Binada icra orqanlarının nümayəndələri olublar, vəziyyəti yerindəcə görüblər, ancaq problemin həlli istiqamətində hər hansı irəliləyiş olmayıb. Problem barədə məlumat aldıqdan sonra komanda üzvlərimiz binaya gedib, sakinlərlə görüşüb, real situasiyanı öyrəniləblər. Bundan sonra mən növbə ilə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə problemlə bağlı deputat sorğusu göndərmişəm. BŞİH-dən aldığımız cavabda bildirilir ki, problem həqiqətən də ciddidir, bu bina təmir və bərpası vacib olan obyektlər sırasındadır. Eyni zamanda, bina tarixi əhəmiyyət kəsb etdiyindən Mədəniyyət Nazirliyinin qorunması vacib olan tikintilərin siyahısına daxil edilib. Bu o deməkdir ki, bina sökülə bilməz, təmir olunmalıdır. Ancaq nə vaxt? Bu məqsədlə mən hörmətli mədəniyyət nazirimizə də müraciət etmişəm. Ümid edirəm ki, birlikdə problemin həlli istiqamətində optimal çıxış yolunu əldə edə biləcəyik və sakinlərimizi narahat edən məsələ həllini birdəfəlik tapacaq deyə deputat qeyd edib.

XALQ.AZ