Elnur Kələntərli: “Mən, yaxud Çağrı Mərkəzi, fərq etməz”

XALQ.AZ xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərlinin “Report”a müsahibəsi.

– Dövlət Miqrasiya Xidmətinin ötən ilki fəaliyyətini necə dəyərləndirirsiniz, hansı işlər görülüb və hansı işlər davam etdirilməlidir?

– 2018-ci il Dövlət Miqrasiya Xidməti üçün uğurlu illərdən biri olub. İstər qanunvericilikdə dəyişikliklərin aparılmasını, istərsə də bir sıra yeniliklərin tətbiq olunmasını, xüsusilə də olduğu yer üzrə qeydiyyat müddətinin 15 günə kimi uzadılmasını nümunə kimi göstərə bilərəm. Burada məqsəd ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsidir. Olduğu yer üzrə qeydiyyat müddətinin uzadılması Azərbaycana gələn, vətəndaşlığı olmayan əcnəbilərin daha rahat şəkildə turist olaraq ölkəmizdə qalmağına şərait yaratdı. Həm də turizmin inkişafına öz tövhəsini verir. 2018-ci ilin noyabr ayında “Samur” (Azərbaycan Respublikası-Rusiya Federasiyası), dekabr ayında isə “Şıxlı” (Azərbaycan Respublikası-Gürcüstan) və “Astara” (Azərbaycan Respublikası – İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölmələri fəaliyyətə başlayıb. Bu da adı çəkilən sərhəd keçid məntəqələrində insanlara operativ xidmətin göstərilməsində növbəti addım oldu.
2018-ci ilin dekabr ayında Dövlət Miqrasiya Xidmətinin MİGAZ mobil tətbiqi istifadəyə verildi. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək

Tətbiqin istifadəsinin üstünlükləri:

– Əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı;

– Müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması;

– Məhdudiyyətin və müraciət statusunun yoxlanması;

– Son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator;

– Onlayn ödəmə və növbə;

“ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etmək imkanının yaradılması.

2019-cu ildən gözləntilərimiz çoxdur. Bu il Dövlət Miqrasiya Xidmətində “tədris ili” kimi qəbul olunub. Yeni proqramlar, yeniliklər əməkdaşlara tədris ediləcək. Xidmətin özünün tədris mərkəzi var, orda mütəmadi olaraq kurslar təşkil olunacaq. DMX-ə işə qəbul edilən yeni əməkdaşlar üçün də tədris kursları həyata keçiriləcək.

– Dövlət Miqrasiya Xidmətinin mətbuat şöbəsində işləyən əməkdaşları hansı işləri görürlər?

– Dövlət Miqrasiya Xidmətinin mətbuat şöbəsi İctimaiyyətlə Əlaqələr idarəsi adlanır. Hər yerdə olduğu kimi biz də işə bağlı insanlarıq, əməkdaşlarımızın bəziləri uzun illərdir burada çalışırlar. Sözsüz ki işimiz çoxaldıqca yeni əməkdaşlara ehtiyac yaranır, bu hər yerdə belədir. Hazırkı komanda ilə işimizin öhdəsindən necə gəldiyimizə ən layiqli qiyməti mediya nümayəndələri versələr daha yaxşı olar.

İctimaiyyətlə Əlaqələr İdarəsində həm mətbuatla işləyən, həm də yaradıcı əməkdaşlarımız var. Bu da dövrün tələblərinə uyğundur. Dövrümüzdə rəqəmsal jurnalistikanın, sosial medianın inkişafı və s. tələb edir ki, əməkdaşlarımızın da arasında bu sahənin nümayəndələri olsun: operator, fotoqraflarımız, sosial media menecerləri… Yəni işimiz ancaq mətbuatla sərhədlənmir, geniş şaxəlidir. Bu günlərdə 1 aylıq təbliğat-təşviqat kampaniyamız başa çatdı. Kampaniya çərçivəsində 40 min nəfərin birbaşa məlumatlandırılmasına nail olduq.

– Miqrasiya sahəsi sizin üçün çətin deyil ki? Maraqlı hesab etmək olar?

– Televiziya sahəsində 10 ildən artıq təcrübəm var. Ondan əvvəl isə dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışmışam.

İctimaiyyətlə əlaqələr üzrə uzun illər işləyən birisi üçün hansı qurumda işləyəcəyi o qədər də önəmli deyil. Çətini qurumun fəaliyyət göstərdiyi qanunvericilik bazasını, məcəlləni öyrənməkdir. Əsas jurnalislərlə işləmək, onların tələbatını bilmək, jurnalistlərlə qurum arasında körpü rolunu oynamaq bacarığıdır.
Miqrasiya çox maraqlı sahədir. Bu günədək çalışdığım sahələr yerli insanlarla işləmişəm. Amma burda xaricilərlə işləyirik. Fərqli düşüncəli, dünyagörüşlü insanlarla işləmək çox maraqlıdır.

– Xaricilərin Azərbaycana gəlmə səbəbləri arasında ilk sırada hansı səbəblər gəlir?

– İş icazələri, müvəqqəti və daimi yaşama üçün gələnlər üstünlük təşkil edir. Qaçqın statusu almaq üçün müraciətlər də var.

– Ötən il neçə əcnəbiyə iş icazəsi verilib?

– 2018-ci ildə 6162 əcnəbiyə Azərbaycanda iş fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilib. 2017-ci ildə isə bu göstərici 8725 nəfər olub. Azərbaycanda işçi qüvvəsinin keyfiyyəti artdıqca xaricdən gələn yüksək səviyyəli kadrlara ehtiyac azalır. Bu normal prosesdir. Daha dəqiq desəm gözlənilən prosesdir.

– Ötən il Xidmətin rəhbər vəzifədə olan əməkdaşları tərəfindən neçə nəfər xarici və ya vətəndaşlığı olmayan şəxs qəbul edilib?

– Ötən il təkcə Xidmət rəisi Vüsal Hüseynov 650 nəfər vətəndaş qəbul edib. Bütün müraciətlərin araşdırılıb həll olunması üçün tapşırıqlar verib.

– 2018-ci ildə qanunsuz miqrasiyaya qarşı aparılan tədbirlər çərçivəsində miqrasiya qaydalarını pozan neçə nəfər cərimələnib?

– Ötən il qanunsuz miqrasiyaya qarşı aparılan tədbirlər çərçivəsində 19 210 qərar qəbul edilib. Elə adam var ki, onunla bağlı bir neçə dəfə qərar qəbul edilib.

– Jurnalistlər çox sual ünvanlayırmı və ya anlaşılmaz suallar olurmu?

– Təbii, bəzən olur ki jurnlaistlərin sualları lap çox olur, bunun müəyyən qismini cavablandırmaq, müəyyən qismini razılaşdırmaq lazım gəlir. Mətbuat katibi qurumla jurnalistlər arasında vasitəçi rolunu oynayır. Amma müsbət haldır ki, bizim qurumun rəhbəri özü də mediaya çox açıqdı. Sosial şəbəkədə aktivdir, suallara da cavab verir, paylaşımlar da edir. Həm də keyfiyyətli yeniliklərə üstünlük verən rəhbərlərdəndir.

– Jurnalistərin sizdən narazılığı varmı, ya da əksinə sizin onlardan?

– Sualın birinci hissəsini jurnalistlərdən soruşmaq lazımdır. İkinci hissəsinə gəlincə, mən heç vaxt jurnalistlərdən narazı olmamışam, işlərini görürlər. Hamı eyni olmalı deyil təbii ki, hər kəs fərqlidir.

– Burda işləyə-işləyə sizi hansısa televiziyada görə bilərikmi? İşinizlə birgə çətin olmaz ki?

– Bu barədə düşünməmişəm, məncə çətin olmaz. Hər bir halda təklif gəldiyi təqdirdə son sözü rəhbərim deyəcək.

– Dostlarınız və həmkarlarınız miqrasiya sahəsinə aid olan hər hansı sual vermək və kömək etmək üçün sizə tez-tez zəng edirlər?

– Bu quruma işə gələndən sonra telefonuma gələn zənglərin sayı çoxalıb, bu təbiidir. Hər kəs istənilən an mənə zəng edə bilər, mənə xoşdur, əlimdən gələn hər şeyi etməyə çalışıram və çalışacağam. Mən və yaxud “919 – Çağrı Mərkəzi” fərq etməz. Dostlarıma da bunu həmişə deyirəm. Bizim 24 saat fasiləsiz fəaliyyət göstərən 919 çağrı mərkəzimiz var. Mənə ünvanlanan sorğunu və ya hər hansı problemin qanunauyğun qaydada həlli yollarını öyrənmək üçün 919-a zəng vurmaqla da öyrənə bilərsiz.

– Forma geyinmək necə duyğudur?

– İfadə etmək çətindir. Üzərində zabit adını daşıyırsan, bu artıq məsuliyyət deməkdir. Özü də təkcə xidməti geyimdə olan zaman yox. Sən həyatını zabit adının şərəfini qoruyaraq, uca tutaraq yaşayırsan.

 

Orxan