Emin “World Music Awards – 2014″də

Emin

Mayın 27-də Monte-Karloda keçirilən “World Music Awards – 2014” mükafatlandırma mərasimində dünya ulduzları ilə birlikdə azərbaycanlı bəstəkar-müğənni EMIN də mükafatlandırılıb.

XALQ.AZ-ın məlumatına görə, “Ən yaxşı ifaçı” (Best Selling Artist) nominasiyasında qalib olmaqla yanaşı, müğənni səhnədə “Amor” adlı mahnısını da ifa edib. EMIN mükafatını əfsanəvi tenor Müslüm Maqomayevə həsr etdiyini bildirib: “Doğma vətənim adından belə bir nüfuzlu tədbirdə iştirak etdiyimə, dünya şöhrətli müğənnilərlə eyni səhnəni paylaşdığıma, ən əsası isə mükafat qazandığıma görə xoşbəxtəm. Bu uğurumu Müslüm Maqomayevin əziz xatirəsinə həsr edirəm. Mən onun sayəsində müğənni oldum”.

Xatırladaq ki, ifaçı “Ən yaxşı ifaçı”, “Ən yaxşı canlı ifa” və “Ən yaxşı artist” mükafatlarına nominant idi.

Mükafatlandırma mərasimində Meraya Keri, Mayli Sayrus, Riki Martin, Florida, Leona Lyuis, Ceyms Artur, o cümlədən rusiyalı müğənnilər Qriqoriy Leps və Timati də çıxış ediblər. Meraya Keri musiqiyə verdiyi töhfələrə görə “Icon Award” mükafatına layiq görülüb.

“World Music Awards” 1989-cu ildən keçirilir və dünyanın 160-dan çox ölkəsində yayımlanır.