Emin yenidən dünya gözəli ilə klipə çəkildi

80

 

Müğənni–bəstəkar Emin “Amour” mahnısının rus dilinə tərcümə olunmuş versiyasına klip çəkdirib.

Axşam.az-ın rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ekran işində “Dünya gözəli” Oliviya Kalpo rol alıb.

Çəkilişlər bu dəfə Moskvada, “Krokus Ekspo”da baş tutub. Klipi ingilis dilində olan versiyanı lentə alan yaradıcı heyət çəkib.

Emin ekran işini açıq havada çəkməyi planlaşdırsa da soyuq və yağış buna imkan verməyib.

“Woman.ru” saytının suallarını cavablandıran Emin mahnının rus dilinə tərcümə etməsindən danışıb:

“Rusiyada bir neçə radio verilişinə qonaq oldum. Mahnını çox bəyəndilər, amma rus dilində olmamasına təəssüfləndilər. Bu da məni düşündürdü. Londondan Moskvaya uçanda bəstəni rus dilinə çevirdim. Düzdür, bəzi çətinliklər oldu, amma nəticə pis alınmadı. İlk klip sevgidən bəhs edirdi, burada isə artıq hisslərin azaldığı göstərilir”.

Emin ekran işində Olivya ilə işləməsinin səbəblərindən söz açıb:

“O, çox peşəkardır, mədənidir, işibacarandır və çalışqan qızdır. Günün 18 saatını işləyir: müsahibələr, məşqlər, radio, televiziya… Yeməyə belə çətin vaxt tapır”.

Klipin əsas qəhrəmanı Kalpo Eminlə işbirliyindən söz açaraq, onun çalışqan olduğunu bildirib:

“Emin möhtəşəm insandır. Bizə birlikdə çox yaxşıdır. Çox istedadlıdır və inadkardır. Hər zaman istədiyinə nail olacağına inanır”.

Artıq bir neçə dəfədir Moskvaya gələn Oliviya “Moskva gözəl şəhərdir, amma hava soyuq olduğu üçün gəzə bilməmişəm” deyə əlavə edib.