“Erməni təxribatının əsas məqsədi mülki əhalini öz evlərindən didərgin salmaq olub”

Ermənistanla Azərbaycan arasındakı böhran yeni bir təhlükəli mərhələni aşdı. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir. Obyektivlik və intellektual dürüstlük baxımından söz Azərbaycan tərəfinə verilməlidir ki, fransız oxucu öz rəyini formalaşdıra bilsin. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov son həftələrdə müşahidə olunan eskalasiya fonunda suallarımızın fransız dilində cavablandırılmasına razı oldu.

XALQ.AZ xəbər verir ki, bu fikirlər Fransanın Agoravox.fr portalında dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə eksklüziv müsahibə” adlı yazıda bildirilib.

E.Əmirbəyov müsahibəsində bu ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrini törətdiyi hərbi təxribatla, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

İyulun 12-də erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində 11 hərbiçinin və 1 mülki şəxsin öldürüldüyü, ölkəmizin erməni təxribatına cavab reaksiyasından bəhs olunub.

Qeyd edilib ki, erməni təxribatının əsas məqsədi yeni mövqeləri ələ keçirməklə işğal olunmuş zonanı genişləndirmək, sərhəd bölgəsində yaşayan mülki əhalini qorxudaraq, öz evlərindən didərgin salmaq olub. Həmçinin, bu qanlı təcavüz Ermənistan hakimiyyətinin müharibəni başlamaqla öz ölkəsinin başına gətirdiyi fəlakətli iqtisadi və sosial vəziyyəti xalqına unutdurmaq məqsədi daşıyır. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə bölgənin digər ölkələrini, eləcə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi.