“Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib”

meshur

“Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdi və növbəti günlərdə davam edən hərbi təxribatı, bölgədə gərginliyin alovlanması və hər iki tərəfdən itkilərin olması beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub və Ermənistanın yeni təcavüz aktı ilə əlaqədar müxtəlif dövlətlər tərəfindən ayrılıqda, eləcə də beynəlxalq təşkilatlar tərəfindən açıqlamalar verilib”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Deputat qeyd edib ki, düşmən tərəfi dəfələrlə təcavüzkar əməllər həyata keçirməyə cəhd edib:

“Ermənistan beynəlxalq arenada təcavüzkar dövlət kimi tanınır. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal edib. Təxribatbtörətməkdə Ermənistanın əsas məqsədi vardı. üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), əsasən də Rusiyanı öz qanlı oyunun iştirakçısına çevirmək. Məhz bu təşkilatın vasitəsi ilə həmin ərazidən keçən strateji, beynəlxalq əhəmiyyətli neft-qaz, dəmiryolu infrastrukturunu hədəfə götürüb ölkəmizi təzyiq altında saxlamaq cəhdi idi.

Biz dəfələrlə erməni təxribatının şahidi olmuşuq. 2016-cı ilin aprelində işğalçı Ermənistan Qarabağ ərazisində belə bir cəhdə çalışmışdı. Lakin o zaman təxribatçının bu niyyəti baş tutmamışdı. Bu dəfə də alınmadı. İlk növbədə ona görə ki, Aprel döyüşlərindən sonra düşmən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Ordumuzdan haqq etdiyi cavabı aldı. Ermənistanın dayaq idarəetmə məntəqələri və digər hərbi infrasturukturu məhv edildi, dəqiq sayını bu günün özündə də erməni cəmiyyətindən gizlətməyə çalışdıqları çoxsaylı canlı itkiyə məruz qaldı”.

Məşhur Məmmədov bildirib ki, Ermənistan tərəfinin təxribat əməlləri beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb:

“Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Eləcə də qardaş Türkiyə Ermənistana çox kəskin formada etirazlar edib. – 14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib. Məsələn, bir neçə beynəlxalq təşkilatların mövqeyinə diqqət edək. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanatla çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib.

İƏT Baş katibi şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb. Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib”.