Ermənistanın gizli yollarla dəstəklənməsi… – Əli Əhmədov

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları üçün “münbit” zəmin yaradıb. İyulun 12-də dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində baş verən qanlı toqquşmalar da bunun nümunəsi sayıla bilər.

XALQ.AZ xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda keçirilən videokonfransda bildirib.

O qeyd edib ki, ayrı-ayrı beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri müxtəlif dövrlərdə erməni təxribatı nəticəsində baş verən qanlı toqquşmalarla əlaqədar ədalətli mövqe ortaya qoymaq əvəzinə tarazlı, balanslaşdırılmış bəyanatlar səsləndirməyə üstünlük verirlər. Həqiqət isə budur ki, bu cür bəyanatlar əslində mahiyyət etibarilə təcavüzkar Ermənistanı gizli yollarla dəstəklənməsi effektini yaradır. Bu da onları növbəti təxribatlar törətməyə həvəsləndirir. Erməni tərəfinin bu təxribatları törətməkdə məqsədi münaqişənin ədalətli həllini uzatmaqdır.

“Ermənistan bu təxribatı törətməklə münaqişənin coğrafiyasını və onun iştirakçılarının sayını artırmaq niyyətini ortaya qoymuşdu. Başqa bir niyyətləri də o idi ki, Aprel döyüşlərindən sonra yaşadıqları uğursuzluq və gücsüzlük sindromundan xilas olsunlar. Amma ordumuzun düşmənə sarsıdıcı zərbələri nəinki onların bu sindromdan xilas olmasına kömək etmədi, əksinə bu zərbələrin təsirindən yəqin ki, təxribat törətməklərindən ciddi şəkildə peşman olublar. Döyüşlər nəticəsində bir daha sübut olundu ki, ordumuz bütün parametrlər üzrə erməni ordusundan xeyli üstündür. Bu, erməni tərəfinə növbəti dəfə dərs oldu. Digər tərəfdən, döyüşlər bütün dünyaya Azərbaycan və Ermənistanın hansı döyüş potensialına malik olduğunu göstərdi”, – YAP Sədrinin müavini vurğulayıb.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir:

“Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qələbəyə nail olacağıq”.