Erməni terroru nəticəsində ölən mülki vətəndaşlarımızdan 1-i körpə, 10-u uşaq, 27-si qadındır – Rəsmi

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 nəfər dinc sakin həlak olub.

XALQ.AZ-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə baş prokuror Kamran Əliyev deyib.


Onun sözlərinə görə, xəsarət alan 400 nəfərdən 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249 kişidir. Onlardan 45-i ahıl şəxslərdir.


“Ermənilərin təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 2442 yaşayış evi dağılıb, 92 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb. Həmçinin erməni təxribatları zamanı 428 mülki obyektə ziyan dəyib”.

K.Əliyev deyib ki, həlak olanların 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53 nəfəri kişidir. Həlak olanların 15 nəfəri ahıl yaşlı insanlardır.