“Erməniləri bu siyasətlərini zaman-zaman davam etdiriblər” – Deputat

“İşğalçı Ermənistan beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir. Onların siyasəti faşizm ideologiyasına əsaslanır. Bilirsiniz ki, bir müddət öncə, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda Suriya ermənilərini yerləşdirirdi. İndi də Beyrutda baş verən partlayışdan sonra Livandakı ermənləri Qarabağda yerləşdirirlər. Onlar bunu tarixi saxtalaşdırmaq üçün edirlər”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, Ermənistanın addımı heç bir beynəlxalq qanuna uyğun deyil:

“Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar da reaksiya vermirlər. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrləri qəti mövqe ortaya qoymalıdırlar. ATƏT-in Minsk Qrupu məsələyə ikili standartlarla yanaşır. Onların bu cür davranışı xalqımızı narahat edir. Ümumiyyətlə, erməniləri bu siyasətlərini zaman-zaman davam etdiriblər, digər ölkələrdən erməni kökənli ailələri Qarabağa yerləşdiriblər. Köçürülənlər arasında terror qruplaşmalarının üzvləri də var. Beləliklə, Ermənistan işğal etdiyi ərazilərdə terror qruplaşmalarının yaradılmasına təkan verir. Bu, region üçün böyük təhlükədir, təhdiddir. Ermənistanın bu addımı deməyə əsas verir ki, gələcəkdə növbəti təxribatlar dalğası ola bilər. Bu ilin iyulunda Tovuz istiqamətindəki döyüşlər, bir neçə gün öncə Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərməsi, Gəncə şəhərini raketlə vurmaq hədələri, “Müdafiə haqqında” qanuna hərbi könüllü dəstələrin yaradılmasını nəzərdə tutan dəyişikliyin ictimai müzakirəyə çıxarılması, Rusiyanın Ermənistana silah yardımı etməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan münaqişəyə üçüncü dövləti də cəlb etməyə çalışması daha böyük təxribatlara əl atacağını göstərir. ATƏT-in Minsk Qrupu bu məsələyə ciddi reaksiya verməlidir. Ermənistana sanksiyalar tətbiq olunmalıdır. “Human Rights Watch” kimi təşkilatlar ikili standartlardan əl çəkməli, bu məsələyə ilə bağlı ortaya mövqe qoymalıdırlar”.

Deputat payız aylarında müharibənin başlayacağı ilə bağlı iddialara da münasibət bildirib: “Ermənistanın təxribatçı addımları müharibənin başlanacağını istisna etmir. Artıq böyük müharibənin bir addımlığına gəlib çıxmışıq. Ermənistanın Azərbaycanla döyüşməyə nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var, ölkə daxilində gərginlik hökm sürür. Bilirsiniz ki, koronavirus pandemiyası dövründə Ermənistan daha çox gerilədi. Görünür, hansısa dövlət münaqişənin alovlanmasında maraqlıdır. O dövlət ki, Ermənistanı silahlandırır və rəhbər şəxslərindən biri Bakıya gəlir və deyir ki, Ermənistana daşınan silah deyil, tikinti materiallarıdır. O, belə gülünc açıqlama ilə verilən suala aydınlıq gətirə bilmədi. Belə olan halda, ATƏT-in Minsk Qrupunun da tərkibi dəyişməlidir. Məlumdur ki, Minsk Qrupunda təmsil olunan Fransa Ermənistana siyasi baxımdan dəstək verir. Hər kəs-ölkəmizin xarici və daxili düşmənləri bilməlidirlər ki, Qarabağ problemi milli məsələdir, bu məsələ xalqımız ordumuzun, Ali Baş Komandan İlham Əliyevin yanındadır. Yəni Azərbaycana qarşı atılacaq istənilən addım uğursuzluqla nəticələnəcək. Genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, ordumuz işğal altında olan torpaqları azad edəcək”.