Ermənistan işğal etdikləri ərazilərdən çıxmalıdır.

5

 

Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin Uelsdə keçirilmiş birgə görüşündə rəsmi Vaşinqton böyük sülh sazişi layihəsi üzərində işin aparılmasını təklif edib. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 8-də Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman ilə keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini xatırladaraq deyib ki, görüş xatirinə görüş keçirilməməlidir və konkret məsələlər müzakirəyə çıxarılmalıdır. E.Məmmədyarov vurğulayıb ki, ən böyük problem Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğudur. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Çünki Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdə qalmaları təhlükəlidir və Azərbaycan bu vəziyyətlə heç vaxt razılaşmayacaq.
Nazir diqqətə çatdırıb ki, bu ay ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin regiona səfəri gözlənilir və Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.