“Ermənistan növbəti dəfə rəzil duruma düşdü”- Komitə sədri

“İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Azərbaycan üçün yaddaqalan oldu. Xüsusilə, mühüm məqamlar diqqət çəkdi. Ölkə başçısı cənab İlham Əliyev növbəti dəfə yenə də diplomatik ustalıq  və prinsipiallıq nümayiş etdirdi. Bununla da Ermənistanın düşdüyü durum tam olaraq aydındır”.

XALQ.AZxəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və koorupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatındakı Sammitində çıxışını şərh edərkən deyib.

Komitə sədri bildirib ki, koronavirus pandemiyası dövründə Ermənistanın Baş naziri Nikol Paşinyanın vətəndaşların sosial-iqtisadi problemlərini həll edə bilməməsi ölkəsində xeyli çətinliklərin yaranmasına yol açır:

“Təbii ki, bu və digər səbəblərdən dolayı Ermənistanın parlament müxalifəti hazırki Paşinyan kökumətinin tam tərkibdə istefaya göndərilməsini tələb edir. Paşinyan isə əməli və sözü üst-üstə düşməyən rəzil obrazda ortalıqda dolaşır. Rəzil obrazda olan Paşinyan istefaya çağırış tələblərinə soyuqqanlı reaksiya verə bilmədi. Dərhal Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açıb. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir.

 Bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidentinin Ermənistanın işğalçılıq siyasətini dönə-dönə pislədiyini diqqətə çatdıran Ziyafət Əsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 19-da qəbul etdiyi qətnaməyə də münasibət bildirib:

“Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı 2019/2209(INI) nömrəli qəbul etdiyi qətnamə Ermənistana növbəti zərbə kimi qiymətləndirilməlidir. Həmin qəbul edilmiş qətnamənin xüsusi üstünlüyü var. Bu da ondan ibarətdir ki, zaman-zaman əvvəlki sənədlərdə oxşar münaqişələrə ayrıseçkilik prizmasından yanaşılıb. Əgər Ukrayna, Moldova, Gürcüstandakı münaqişələrə münasibət dəstəklənsə də Ermənistan-Azərbaycan münaqişəsinə ikili yanaşmanın şahidi olmuşuq. Son vaxtlarda isə həqiqətlərə humanist yanaşma Ermənistan üçün xoş deyil. Bütün qəbul edilmiş qətnamələr ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin bariz nəticəsidir”.

Parlamentari Ermənistan Baş nazirinin Sammitə tibbi maska ilə qatılmasından da söz açıb:

“Dünya ölkələri, beynəlxalq təşkilatlarAzərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etdiyini deyir. Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində ölkəmizin  başçısı bir daha Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirib. Ermənistanın Baş naziri isə yenə də ucuz şou düzəltməklə məşğuldur. Bilir ki, ölkəsində insanların sosial-iqtisadi durumu gərgindir. Hər an baş verə biləcək partlayışı önləmək üçün müxtəlif yollara əl atır. Bir sözlə, ölkəsini idarə etməkdən daha çox, səhnədə rol oynamaqla məşğuldur. Məsələn, Sammitə qatılan iştirakçıların  heç biri tibbi maska taxmır, ancaq Paşinyan maska ilə qatılır. Düşünürəm ki, bunun bir açıqlaması var. Paşinyan öz iqamətgahındakı epidemioloji vəziyyətə belə nəzarət edə bilmir. Bu da onu göstərir ki, Paşinyan hər an oturduğu iqamətgahında koronavirusa yoluxacağını zənn edir. Əks halda öz iqamətgahında maska taxmaya nə ehtiyac var idi?!”