“Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”

Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın növbəti təxribatına ordumuz tərəfindən layiqli cavab verildi. Düşmən yenə də ciddi itkilər verərək geri otuzduruldu, şəhidlərimizin qisası alındı.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F.Yıldırım bildirib ki, Ermənistan təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin əməllərdən istifadə edir. İyulun 12-də Tovuz istiqamətində baş verən təxribat da bunu bir daha təsdiqləyir.

Deputat deyib: “Ermənistanın uzun illərdir davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır”.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı vəziyyətə münasibət bildirərək, erməni təxribatının səbəblərini açıqladı. “Sözsüz ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hakimiyyətinin üzərinə düşür. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Üzdən iraq qonşularımız bizim müvəffəqiyyətlərimizi qısqanclıq hissi ilə qarşılayırlar. Bu, həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir”, – deyə Fatma Yıldırım qeyd edib.

O bildirib ki, xüsusilə pandemiya dövründə Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir və Nikol Paşinyan təxribatlara əl atmaqla daxili auditoriyanı problemlərdən yayındırmağa çalışır. Deputat: deyib: “Ötən aylarda Şuşada keçirilən qondarma seçkilər və inaqurasiya şousu, həmçinin sərhəddə baş verən son hadisələr yalnız təxribat xarakteri daşıyır. Ermənilər münaqişənin sülh yolu ilə həlli prosesinə bu təxribatları ilə mane olurlar. Beynəlxalq arenada buna mütləq cavab verilməlidir. Bizim də səbrimiz bir yerə qədərdir. Azərbaycan xalqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən kifayət qədər narazıdır və Minsk qrupunun səmərəliliyinə heç bir inam qalmayıb. Xalqımız bu gün yalnız Ali Baş Komandanına və ordusuna inanır”.