Ermənistan təxribatçılığı xarici mətbuatda

Misirin “Asiyaelyom” informasiya agentliyinin saytında baş redaktor Əbubəkr Əl Məcdin Ermənistanın Azərbaycanla sərhəd bölgələrində törətdiyi təxribatdan bəhs edən “Erməni terrorizmi Azərbaycanın təhlükəsizliyini təhdid edir” sərlövhəli məqalə dərc edilib.

XALQ.AZ xəbər verir ki, məqalədə avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıldığı qeyd olunub. Bildirilib ki, erməni zabitinin Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 2020-ci il avqustun 23-də ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Daha sonra qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan rəhbərliyinin bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq, bu birləşmələrdən öz çirkin məqsədləri üçün, o cümlədən ölkədaxili məsələlərdə istifadə etmək istədiyini bildirib. O, eyni zamanda, Ermənistanın müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirdiyini, onlar öləndə isə bu faktları gizlətdiyini də bəyan edib.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan rəsmisi Tovuz hadisələrinin Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantüra və Azərbaycan silahlı qüvvələrinin rəşadətli cavabları çərçivəsində onların o xətti şəxsi heyətlə komplektləşdirə bilmədiyini, ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışdığını vurğulayıb. Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var. Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.