“Ermənistanda baş verən hadisələr Paşinyan iqtidarının sonununu yaxınlaşdırır” – Deputat

“Son günlər Ermənistanda baş verən siyasi proseslər küçədən dövlət başına gətirilən Paşinyan iqtidarının sonununu yaxınlaşdırır. Bu gün Ermənistan höküməti təkcə pandemiya böhranı ilə üz-üzə deyil, eyni zamanda dərin siyasi böhran yaşayır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov Ermənistanda baş verən son hadisələri şərh edərkən bildirib. O deyib ki, Paşinyan hökuməti prosesləri nəzarət altında saxladığını göstərməyə cəhd etsə də, əslində real vəziyyətə nəzarət edə bilmir:

“Ermənistanda vəziyyət o həddə çatıb ki, insanlar koronavirus qorxusunu unudub küçələrə axışır, kütləvi etiraz aksiyası keçirirlər. Özünü demokrat kimi təqdim edən Paşinyan etirazçılara qarşı zorakılıq etməkdən çəkinmir”.

İ.İsmayılov bildirib ki, xüsusilə son günlər mətbuatda Ermənistanda demokratiya, insan haqlarının kobud şəkildə pozulması ilə bağlı kifayət qədər faktların şahidi oluruq:

“Etiraz aksiyası keçirməyə cəhd göstərərən siyasətçilər həbs edilir, etiraz aksiyaları güc tətbiq edilərək dağıdılır, jurnalistlər döyülür və həbs edilir. Ermənistanda baş verən bu hadisələrə qərb dairələri, beynəlxalq təşkilatlar yenə də susur, münasibət bildirmir. Hansı ki, bu hadisələr digər ölkələrdə baş versəydi həmin dairələr dərhal reaksiya verərdi, hesabatlar hazırlayar və həmin dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar”.