Ermənistanda faşizm ideologiyasının təbliği işğalçı dövlətin fəaliyyət meyarına çevrilib


Bu gün dünyada Ermənistan kimi ikinci bir ölkə yoxdur ki, orada faşizm ideologiyasının təbliğ edilib, yaşadılmasına cəhd göstərilsin. Hətta deyərdim ki, işğalçı dövlətdə nasist düşüncəsi beyinləri o qədər dumanlandırıb ki, bu, fəaliyyət meyarına çevrilib. Ümumiyyətlə, Ermənistanda Paşinyan rəhbərliyi insanlıqla, humanizmlə bir araya sığmayan belə bir mənfi ideyanı beynəlxalq ictimaiyyətdən çəkinməyərək davam etdirir, hətta bütün dünyada faşizmin simvolu kimi tanınan qaniçən, soyqırımı törədən şəxslərin milli qəhrəman səviyyəsində təqdimatını getdikcə gücləndirir. Mən bu sözləri təsadüfi demirəm. Tarixdə saysız-hesabsız cinayətlər törədən, millətindən, etnik mənsubiyyətindən asılı olmayaraq yüzlərlə insana işgəncə verən, məhv edən Qaregin Njdeyə, eləcə də digər bu cür faşist xislətlilərə heykəllər qoyulması vurğuladığım fikrin bariz ifadəsidir.


XALQ.AZ xəbər verir ki, bu fikri YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.


Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən dediyi sözlər də bu baxımdan mühüm önəm daşıyır: “Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır”.


Politoloqun fikrincə, Paşinyanın tarixin bu məqamlarından yaxşı xəbəri var. Sadəcə onun faşizm ideologiyasının əsrinə çevrilməsi, bu barədə əsil həqiqətləri bilərəkdən gizlətməsi rəhbərlik etdiyi dövlətin işğalçılıq siyasətinin mahiyyətindən irəli gəlir. Artıq hazırda beynəlxalq aləm də Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılmasından, belə bir təhlükəli meylin qorxulu bir tendensiyaya çevrilməsindən narahatlıq keçirməyə başlayıb. Bütün bunlara görə, beynəlxalq birliyin Ermənistanın faşizmi qəhrəmanlaşdırmaq siyasətinə kəskin reaksiya verməsinin vaxtı çoxdan çatıb.


Politoloqun sözlərinə görə, qarşıdan faşizm üzərində qələbənin 75 illiyi gəlir. Bütün dünya faşizm üzərində qələbənin ildönümünü qeyd etməyə hazırlaşır. Belə bir vaxtda Ermənistandakı əvvəlki hakimiyyətin faşizmi əbədiləşdirmək və qəhrəmanlaşdırmaqla bağlı Njdeyə qoyduğu heykəli Paşinyan hakimiyyətinin cidd-cəhdlə qoruması, onun təbliği ilə bağlı, necə deyərlər, utanıb-qızarmadan saxta dəlillər səsləndirməsi heç bir normal düşüncəyə, məntiqə sığmır. Hətta bu şəxs keçmiş Sovet İttifaqının xarici işlər naziri Molotovun da Hitlerlə görüşdüyünü deyərək, Njdeni faşizmini gülünc və absurd fikirləri ilə müdafiə etməyə çalışır. Halbuki Paşinyan bilməmiş deyil ki, Molotov o dövrdə Sovet İttifaqının rəhbərliyində idi və SSRİ-nin xarici işlər naziri olaraq faşist rəhbərliyilə sülh və təhlükəsizlik məsələləri ilə bağlı görüşməsi anlaşılan idi. Ən başlıcası isə bu, onun fəaliyyət prinsipi ilə heç bir ziddiyət təşkil etmirdi.