“Ermənistanın bu müharibədə faciəvi məğlubiyyətini labüd edir”

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”in nəticələri Ermənistanın növbəti təxribatı və avantürasının fiaskosu kimi qiymətləndirilə bilər.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, bu “seçkilər” bir daha göstədi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır:

“Seçki”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı və hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkılatı, Qoşulmama Hərəkatı, Türk Şurası – bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir”.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirdiyi müşavirədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı bir sıra vacib məsələlərə toxundu.

Deputat vurğulayıb ki, əslində dünyanın heç bir dövləti və beynəlxalq təşkilatının, o cümlədən heç bir qonşu dövlətlərin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən qondarma “seçki”ləri tanımaması başqa bir həqiqəti növbəti dəfə təsdiqləmiş oldu:

“Bu həqiqət Dağlıq Qarabağın Azərbaycanın əzəli, tarixi və hüquqi torpaqları olması ilə bağlı mövqedir. Dünya Birliyi məhz bu mövqeni təsdiqləmiş oldu. Bu uğur Prezident İlham Əliyevin dünya dövlətləri və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsasda qurduğu düşünülmüş, ardıcıl, sistemli, müstəqil və milli maraqlara söykənən siyasətin təntənəsi olaraq əldə edilmişdir. Bu uğur üçün əsaslı baza Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı, geniş beynəlxalq auditoriyada söylədiyi “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” hökmü, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ilə işğalçı ölkənin rəhbərini təkzibedilməz faktlar və arqumentlərlə “siyasi nokaut” vəziyyətinə salması və onun idarə etdiyi ölkənin faşizmi təbliğ və təşfiq etməkdə ifşa etməsi, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Panel müzakirə zamanı sözün həqiqi mənasında Ermənistanın rəhbərinə həm tarix, həm də hüquq dərsi keçərək onun “mikro-inqilablar” nəzəriyyəsini öz tutarlı faktları və arqumentləri ilə darmadağın etməsi, habelə tarixi həqiqətlərə və hüquqi bazaya söykənərək Dağlıq Qarabağın əzəli və qədim Azərbaycan torpağı olduğunu əsaslı faktlarala sübuta yetirməsi ilə daha da möhkəmləndirilmişdi”.

Deputat əlavə edib ki, beləliklə, işğalçı Ermənistanın qondarma rejimdə keçirdiyi qondarma “seçki”lərin “nəticə”lərini tanımamaqla bağlı beynəlxalq birliyin nümayiş etdirdiyi yekdil mövqe Azərbaycanın münaqişənin həlli ilə bağlı həm siyasi, həm diplomatik, həm də hərbi üstünlüyünü daha da gücləndirmiş oldu:

“Bu mövqenin qarşılığında yegənə beynəlxalq təşkilat olaraq AŞPA-nın seyrçi mövqe seçməsi, müəmmalı susqunluq nümayiş etdirməsi, Azərbaycanla bağlı məruzəçi təyin etdiyi şəxslərin “ağzına su alıb dayanması” heç bir halda təsadüf sayıla bilməz. Bunun yeganə səbəbi orada cəmləşən anti-Azərbaycan qüvvələrin, ermənipərəst qüvvələrin Azərbaycana düşmən gözü ilə baxması ilə bağlıdır”.

E.Nəsirov vurğulayıb ki, bütün bunlar, heç şübhəsiz, virtual dünyanın deyil, “ikili standartlar”ı beynəlxalq ictimai fikrə “obyektiv standartlar” kimi sırındığı real dünyanın gerçəklikləridir:

“Bu gerçəklikdə hüququn gücü deyil, gücün hüququnun işləməsi də mübahisə predmeti olmayan həqiqətdir. Azərbaycan dövləti və onun rəhbəri bu həqiqətdən çıxış edərək, ordumuzun daha da gücləndirilməsi siyasətinə sadiqdir və bu xətt davamlı olaraq inkişaf etdirilir. Ermənistan rəhbəri sadalanan reallıqlar fonunda papağını qarşısına qoyub, dərindən düşünməli, sələflərini işğalçılıq siyasəti və onun nəticələrini təftiş etməli, praqmatik addımlar atmalıdır. Bu addımların ilki isə işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş torpaqlarından çıxarılması ilə başlanmalıdır. Bu, Ermənistanın nicat yoludur. Əksi müharibə və Ermənistanın bu müharibədə faciəvi məğlubiyyətini labüd edir”.