“Ermənistanın işğal olunmuş ərazilərdəki bütün hərbi hədəfləri vurulur” – Deputat

Erməni mediasında çıxış edən beynəlxalq hərbi ekspertlər hərbi əməliyyatlardan öncə də proqnoz edirdilər ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir və müharibə başlasa, Ermənistan bu güc qarşısında tab gətirə bilməyəcək. Çünki 2016-cı ilin aprel döyüşlərində və Tovuz döyüşlərində artıq belə təcrübə var idi.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün Ermənistan ordusunun sabiq müdafiə naziri Seyran Ohanyana müraciət etməsi qarşı tərəfdə vəziyyətin hansı həddə olduğunu təxmin etməyə imkan verir:

“Məsələ burasındadır ki, Seyran Ohanyan öz ölkəsində “uğursuz general, “uduzmuş general” imici ilə tanınır. “Ohanyan xətti”nin ke,ilməzliyi barədə formalaşmış mif isə hələ 2016-cı ilin aprel döyüşlərində darmadağın edilib. Ermənistanın hərbi-syasi rəhbərliyinin cəmi 45 dəqiqəyə yarılan Ohanyan xəttinə yenidən müracət etməsi işğalçı ölkənin çıxılmaz duruma düşdüyünü göstərir.

Ermənistanın işğal olunmuş ərazilərdəki bütün hərbi hədəfləri vurulur. Düşmən hərbi texnika və canlı qüvvəsini, ən əsası isə hərbi infrastrukturunu itirməkdədir. Digər tərəfdən, Ermənistan ordusunda xaos və ikitirəlik hökm sürür. Erməni hərbçisi təlimatı İrəvandan və ya separatçı rejimdən almaq lazım olduğunu hələ də müəyyənləşdirə bilməyib. Bu isə qızğın döyüşlərin getdiyi bir vaxtda erməni ordusunda xaosun miqyasını daha da genişləndirir”.